Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Yeni Zelandiyada şəhər merinə iddialı həmyerlimizlə MÜSAHİBƏ

11-01-2019, 14:20
Ana Səhifə » Gündəm » Yeni Zelandiyada şəhər merinə iddialı həmyerlimizlə MÜSAHİBƏ
Yeni Zelandiyada şəhər merinə iddialı həmyerlimizlə MÜSAHİBƏ Ria24.az "23 ildə 5 dəfə Azərbaycana gəlmişəm".

Müsahibimiz 23 ildir ki, Yeni Zelandiyada yaşayan, orada iki dəfə parlament seçkilərinə qatılan və hazırda şəhər meri postuna iddialı olan Tofiq Məmmədovdur.

O, 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində təhsil alıb. Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Həmyerlimiz Yeni Zelandiyada Daşınmaz Əmlak sektorunda şirkət sahibidir.

- Tofiq müəllim, 1990-cı ilin əvvəllərində hansısa xarici ölkəyə köçmək, orada məskunlaşmaq olduqca çətin idi. Necə oldu ki, 1995-ci ildə Yeni Zelandiyaya qədər gedib çıxa bildiniz?

- Yeni Zelandiyaya 1995-ci ildə gəlmişəm. Çünki anam 1980-ci illərdən etibarən burada yaşayırdı. 90-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət çox gərgin idi. Ona görə anam qərara gəldi ki, oğlunu da Yeni Zelandiyaya köçürsün. Anam burada olduğundan mən və bacım üçün Zelandiyaya birdəfəlik köçüb yaşamaq elə də çətin olmadı. Əksinə, çox rahatlıqla gəldik və məskunlaşdıq.

- Necə oldu ki, orada siyasətə baş vurdunuz və hazırda siyasətlə hansı formada məşğulsunuz?

- Əvvəllər siyasətlə məşğul olmurdum. Bir gün İraqdan olan bir dostum məndən yardım istədi. Ona kömək edərkən işimiz gedib bir deputata çıxdı. Həmin vaxt Leyboristlər partiyasından olan deputatla tanış, daha sonra dost olduq. Bundan sonra getdikcə məndə də siyasətə olan maraqlar artmağa başladı. Sonralar elə oldu ki, biz bu deputatın köməkçisi kimi işlədik. Belə deyim, pərdənin arxasında ona kömək edirdik ki, işləri yaxşı getsin.

Mən bu işə 1999-cu ildən başladım və artıq 20 ildir ki, bu partiyanın tərkibindəyəm. 2013-cü ildə məndən xahiş etdilər ki, parlament seçkilərinə öz namizədliyimi verim. Mən də həmin il namizədliyimi verdim və 2014-cü ildə seçkilər keçirildi, ən çox səs toplayan 2-ci namizəd oldum. 2017-ci ildə təkrar seçkilərə qatıldım, orada da 2-ci yeri tutdum.

- Zelandiyada parlament seçkiləri hansı formada keçirilir, ümumiyyətlə parlament sistemi necə qurulub, bu qurum ölkənin idarə edilməsində nə dərəcədə söz sahibidir?

- Yeni Zelandiya, Avstraliya və Kanada; bu üç ölkə İngiltərəyə bağlıdır. Bizim başçımız Karoleva Elizabetdir. Burada parlament ölkənin ən ali orqanıdır. Parlamentdə 120 deputat təmsil olunur, 121-ci adam spikerdir. Parlamentdə hansı partiya 61 deputatla təmsil oluna bilirsə, o partiya da hakimiyyətə gəlir. Məsələn, hazırda iqtidar olan partiya Leyboristlərdir. Onlar 2017-ci ildə təqribən 35 faiz yer tuta bilmişdilər, 61-ə qalxa bilmədilər. Ona görə də iki ayrı partiya (New Zealand First və New Zealand Green) ilə birləşib hökumət qurdular. Parlamentdə daha çox yer sahibi Leyboristlər olduğu üçün Baş nazir də bizim partiyadan seçildi. Digər iki partiyanın liderləri isə baş nazirin müavini oldular. Yəni 3 partiya birləşib bir hökumət qurdu və hazırda ölkəni onlar idarə edirlər.

Bu baxımdan, burada parlament sistemi çox gözəl işləyir. Hansı qanunlar qəbul edilirsə, prezident statuslu başçı, yəni Karoleva Elizabet ona qol çəkməlidir. Adətən hər zaman ona gələn qanun sənədinə qol çəkir, heç vaxt geri qaytarmır. Çünki millətin səsi ilə seçilən deputatlar bu qanunu ərsəyə gətiriblər.

- Təkrar parlament seçkilərinə qatılmaq fikriniz varmı?

- Açığı bu barədə hələ fikirləşməmişəm. Çünki seçkilərə qatılanda ailəyə vaxt ayırmaq olmur. 2013-dən 2017-ə qədər gecə-gündüz işləyirdim. Demək olar ki, ailəmlə vaxt keçirə bilmirdim. Ona görə də 2020-ci ilin parlament seçkilərində iştirak edib-etməyəcəyimi bilmirəm. Hələ qərar verməmişəm. Amma bu il, 9 aydan sonra burada yerli icra hakimiyyətlərinə seçkilər keçiriləcək və mən də orada iştirak edəcəm, artıq namizədliyimi vermişəm. Azərbaycandan fərqli olaraq, burada şəhər merləri seçki yolu ilə təyin edilir. Bununla bağlı hər üç ildən bir “Local elections” – yerli seçkilər adlanan seçki keçirilir.

- Sizi daha çox nə məşğul edir – siyasət, ya biznes?

- Hazırda qeyd etdiyim bu seçkilərlə məşğulam. Ötən ilin dekabrından fəaliyyətə başlamışam. Əlbəttə, paralel olaraq öz kiçik biznesimlə də məşğul oluram. Hər iki işimlə bağlı vaxt tapmaq demək olar ki, çox çətindir, amma mümkündür.

- Sizi Azərbaycana bağlayan konret nələr və ya kimlər var?

- Hazırda Azərbaycanda heç kimim yoxdur. Düzdür, atam tərəfdən qohumlarımız var. Amma yaxın olan şəxslərdən heç kim yoxdur. Çünki mənim yaxın qohum-əqrəbalarımın hamısı xaricdə yaşayır. Bacı-qardaşlarım Avstraliyada yaşayırlar. Azərbaycana gələndə də vaxtımı uzaq qohumlarımla keçirirəm. Azərbaycanı çox sevirəm, çünki Bakıda anadan olmuşam.

- 23 ildir Vətəndən kənardasınız. Bu 23 ildə neçə dəfə Azərbaycana gəlmək imkanınız olub?

- 23 ildə 5 dəfə gəlmişəm Azərbaycana. Gələndə də dostlarla, qohumlarla görüşmüşəm.

- Dünyada çox ciddi proseslər, gərginliklər yanaşır. Bütün bunlar Yeni Zelandiyadan necə görünür və ya hiss edilir?

- Yeni Zelandiya “Five eyes” (5 göz) qrupuna daxil olan ingilis dilli ölkələrdən biridir. ABŞ, Kanada, İngiltərə, Avstraliya və Yeni Zelandiya bu qrupdadır. Dünyada baş verən hər bir proses burada çox maraqla və yaxından izlənilir. Ona görə də ölkədə yaşayan insanlar xaricdə baş verən hadisələrdən xəbərdardırlar. İnsanlar bacardıqları qədər çalışırlar ki, özlərində hakim olan demokratiyanı müxtəlif informasiyalarla bütün dünyaya yaysınlar.

Elgün MƏNSİMOV
AzNews.az

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up