Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Səhiyyə Nazirliyində milyardlar necə mənimsənilir?-YENİLƏNDİ

3-08-2019, 11:40
Ana Səhifə » Gündəm, Aktual » Səhiyyə Nazirliyində milyardlar necə mənimsənilir?-YENİLƏNDİ
Səhiyyə Nazirliyində milyardlar necə mənimsənilir?-YENİLƏNDİ Ria24.az Prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə səhiyyə sahəsində aparılacaq islahatlardan da söz açıb. Prezident gələn ildən icbari tibbi sığorta sisteminə keçiləcəyini söyləyərək, səhiyyə sahəsində çox ciddi dönüş yaranacağını bildirib.
"Təzadlar" hələ 2017-ci ildə səhiyyə sistemimizdəki durğunluqdan, bu sahədə yeyilən milyardlardan yazmışdı. Həmin yazını təkrar təqdim edirik:
(Tarix: 26/9/2017)
Nazirlik şəkər xəstələrinə ayda bir dəfə verilməli olan test striplərini niyə 6 aydan bir verir?

...Ölkə səhiyyəsinin vəziyyəti hamıya məlumdur. Kasıb-kusub İrana, bir az pulu olan isə Türkiyə və Avropa dövlətlərinə üz tutur. Azərbaycanın səhiyyəsində, sanki bir xaos hökm sürür. Savadı, qabiliyyəti, bacarığı olan, öz peşəsini mükəmməl bilən həkimlərimiz də yox deyil. Ancaq onların da çoxusu diqqət və qayğısızlıqdan xaricə üz tutur.
Düzdür, Azərbaycanın səhiyyə ocaqlarında ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Di gəl ki, onlardan istifadə edib düzgün müayinə və müalicə edən həkimlər çox azdır. Hələ dövlət tabeliyində pulsuz olan səhiyyə müəssisələrində xəstələrin soğan kimi soyulduğunu demirəm.
Biz jurnalistlərin də əsas missiyalarından biri belə mənfi halları işıqlandırmaq və səlahiyyətli qrumların diqqətinə çatdırmaqdır. Təsadüfi deyildir ki, bu il 22 iyul Milli Mətbuat günündə prezident cənab İlham Əliyev dedi ki, mən bütün neqativ halları mətbuatdan öyrənirəm. İndiyə qədər dördüncü hakimiyyət adlandırılan mətbuatı, cənab Prezident hətta ikinci hakimiyyət adlandırdı. Elə biz də bu prinsipdən çıxış edərək, səhiyyə sistemində mövcud olan problemləri diqqətə çatdırmaq istəyirik. Amma təəssüflər olsun ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sələfi Anar Qədirlinin yolunu davam etdirdiyindən, ondan ardıcıl iki dəfə hər hansı suala cavab almaq olmur.
Beləliklə, redaksiyaya edilən şikayətlərdən də bəlli olur ki, dövlət xəstəxanalarında pulsuz müalicə almaq, əməliyyat olunmaq ümumiyyətlə, mümkün deyil. Bircə faktı diqqətə çatdıraq. Jurnalist həmkarlarımdan biri, Bakı şəhəri Yasamal rayonu. Zahid Xəlilov küçəsi, 523 ev, 18 b. mən.15-də yaşayan, 1984-cü il təvəllüdlü Əzizova Aygün Vaqif qızı qasıq nahiyyəsində yaranmış qrijanın pulsuz olan dövlət xəstəxanalarının birində əməliyyatı üçün Səhiyyə naziri Oktay Şirəliyevə yazılı müraciət edir. Yazıya müsbət cavab gəlir. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Məmməd Cəfərovun imzası ilə 21.04 2017-ci il, 2509-01/11 saylı məktubda oxuyuruq: “Klinik Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşova!
Bakı ş.Yasamal r. Zahid Xəlilov küç. 523 ev 18 b mən.15 Aygün Əzizovaya.
Vətəndaş A.Əzizova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış ərizəsində cərrahi əməliyyata ehtiyacı olduğunu bidirmişdir. Müraciət edərkən Əzizova Aygün Vaqif qızının müayinə və müvafiq ixtisaslalaşmış müalicəsini təşkil etməyinizi xahiş edirik.”
Sevincək olan həmkarımız Aygün xanım üz tutur Klinik Tibbi Mərkəzin (keçmiş Semaşko adına xəstəxana) baş həkimi Ədalət Dadaşovun hüzuruna. Ə.Dadaşov da xəstəni şöbə müdiri Nazim həkimin yanına göndərir. Nazim həkim də həkim cərrah Kərimovun, o da dah iki həkimin yanına. Beləcə iki ayliq ötür-ötür oyunundan sonra məsləhətçi cərrah həkim R.Kərimov Baş Səhiyyə İdarəsinin rəis müavini Məmməd Cəfərovun imzası ilə göndərilən məktuba sevindirici bir dərkənar qoyur: “Baxış zamanı xəstədə heç bir cərrahi patologiya aşkarlanmır.”
Sən demə xəstənin iki aylıq ötür-ötür oyunu xamanı qasığındakı bir qarışlıq yırtıq tamam sağalıbmış. Belə “müalicə üsulu” yalnız bizim səhiyyə sistemində tətbiq oluna bilər. Özəl xəstəxanada isə Aygün Əzizovaya bildiriblər ki, qasıq nahiyyəsində bir qarışlıq yirtıq var və bu əməliyyat 1200 manata başa gəlir. A.Əzizovun o qədər pulu yoxdur, pulsuz olan dövlət xastəxanasınaları isə yaxın buraxmırlarlar. Deməli, xəstə oturub ölümünü gözləməlidir, eləmi? Aygin xanım hələ jurnalistdir başına belə oyun açırlar. İndi görün adi insanların başına nə müsibətlər gətirirlər.

Bəs şəkər xəstələrinə diqqət necədir?

Bildiyimiz kimi, müəyyən xəstəliklər var ki, onlara dərmanlar pulsuz verilir. Ümumiyyətlə, pulsuz dərman almaq hüququna malik bir neçə kateqoriyadan olan insanlar var. Bunlardan Böyük Vətən müharibəsinin iştirakçılarını, I və II qrup əlilləri, şəkər və onkoloji xəstələri və s. göstərmək olar. İndi görək bu sahədə vəziyyət necədir?
O da məlumdur ki, bu pulsuz dərmanların pulunu nazir Oqtay Şirəliyev öz cibindən vermir. Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu katiqoriyadan olan xəstələrə çox böyük qayğı və diqqətlə yanaşırlar.
Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 775.8 milyon manat pul ayrılıb. Bu isə gedən devalvasiyaya və infilyasiyaya baxmayaraq, 2016-cı ildə ayrılan puldan 0.2 faiz çoxdur. Göstərilən bu məbləğin məhz 36.1 milyon manatı şəkərli diabet xəstələri ilə milli mübarizə tədbirləri üçün ayrılıb. Bəs görəsən, şəkərli diabet xəstələri bu pula gətirilən dərmanları ala bilirlərmi? Mən çox üzr istəyirəm, həyat yoldaşım da şəkər xəstəsi olduğundan bu sahədən müəyyən qədər məlumatlarım var. Məsələn, şəkəri ölçən qlükometr üçün iynə var. Buna həm də medismart və test stripləri deyirlər. Deməli, bu test striplərinin bir qutusu bir aya bəs eləmir. Ancaq Lökbatandakı 19 saylı poliklinikadan bildirirlər ki, bu test stripləri xəstəyə 6 aydan bir verilir. Burada adam dəhşətə gəlməsin, neyləsin? Bu iynənin bir qutusu da apteklərdə 25-30 manatdır. Axı bunu almağa hər xəstənin imkanı yoxdur. Şəkərli xəstəyə 6 aydan bir bu iynələri vermək Səhiyyə Nazirliyində hansı ağıllının ağlına gəlib? Mən bunu dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxlayıb aydınlaşdırmışam. O da, bildirir ki, bəli, bu iynələr xəstəyə 6 aydan bir verilməlidir. Onun müəyyən yerə zəngindən sonra yoldaşım üçün 2 dəfə 2 qutu o iynədən veriblər. Deməli, lazım olan dərmanı, iynəni almaq üçün mən hər dəfə kiməsə zəng edib xahiş etməliyəm, eləmi? Niyə bu test stripləri qeydiyyatda olan xəstələrin hər birinə vaxtlı-vaxtında verilmir? Belə çıxır ki, 6 aydan bir verilən bu iynə kimlərinsə şəxsi marağının güdazına gedir. Deməli, xəstə bir ay bundan istifadə edib, növbəti beş ay oturub ölümünü gözləməlidir, eləmi?
Maraq mənə güc gəldiyindən elə adını çəkdiyimiz Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 19 saylı Xəstəxananın nəzdində fəaliyyət göstərən 19 saylı poliklinikaya Səhiyyə Nazirliyindən pulsuz dərman almaq hüququ olan insanlara verilən dərmanlarla maraqlandım. Çox dəhşətli bir mənzərə üzə çıxdı. Deməli, Aktovagen adlı dərman o boyda poliklinikaya və “n” qədər xəstələrə vur-tut 10-12 ədəd verilir. Reboksin, Serebrolizin, B12 vitamin, Kovinton, Sokoserin adlı dərman və iynələr ümumiyyətlə, verilmir.
Tioqamma adlı dərman bir xəstəyə ayda 5 flakon verilməlidir. Qaradağ rayonu üzrə isə bu dərmanı almalı olan xəstələrin sayı 2500 nəfərdir. İndi sual olunur, Səhiyyə Nazirliyi 2500 nəfərə verilməli olan 12500 flakon dərmandan neçəsini verir? Yəqin ki, cavablar müxtəlif olacaq. Kimisi yarısını, başqa birisi bir az da ondan aşağı, yəni 5 min, 3 min, 2 min və s. rəqəmlər göstərəcəklər. Amma heç kəsin yatsa belə yuxusuna da girməz ki, Səhiyyə Nazirliyi 2500 xəstəyə veriləsi 12500 flakondan cəmi-cümlətanı 20-22 flakon verir. Onu da son aylar azaldıb 15 ədədə endiriblər.
Budur bizim Səhiyyə Nazirliyinin xəstəyə göstərdiyi qayğısı? 2500 xəstəyə veriləsi flakon cəmi 3-4 xəstənin norması qədər göndərilir.
Yuxarıda qeyd etdik ki, dövlət başçısı prezident cənab İlham Əliyev və birinci vitse-prezident hörmətli xanım Mehriban Əliyeva bu kateqoriyadan olan xəstələrə diqqətlə, qayğı ilə yanaşırlar və ona görə də Səhiyyə Nazirliyinə pulsuz dərmanların verilməsi üçün lazımı qədər vəsait də ayırırlar. Bəs nazir Oqtay Şirəliyev nə edir? Faktlar göstərdi ki, Səhiyyə Nazirliyində kimlərsə cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın əleyhinə gedərək, xəstələri qəsdən dövlətdən narazı salır. Mən təkcə Qaradağ rayonu üzrə bu faktları diqqətə çatdırdım və inanıram ki, Bakının digər 10 rayonunda da vəziyyət belədir. Yəqin ki, Azərbaycanın rayonlarından isə söhbət açmağa dəyməz. Gözdən-könüldən uzaq yerlərdə bu özbaşnalıqları həyata keçirmək daha asandır.

Xəstələrə pulsuz verilməli olan dərmanların pulu hara gedir?

Təsəvvür edin, 2017-ci il üçün dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 775,8 milyon manat ayrılıb... Bu rəqəmi illərə vuranda isə milyardlarla manat göz önünə gəlir. İndi gəlin görək bu pullar hara gedir? İnternetdə kiçik bir araşdırma apardıq və Səhiyyə Nazirliyinin milyardları necə mənimsəməsi adama gəl-gəl deyirdi. Araşdırmamız zamanı məlum oldu ki, fəaliyyəti çox şübhəli olan və heç bir yerdə tanınmayan “Turqay”MMC adlı tikinti firmasının nazir Oqtay Şirəliyevlə çox “isti” münasibətləri var və bu “isti” münasibətlərin nəticəsində dövlət büdcəsindən nazirliyə ayrılan pullar havaya sovrulur. 2015-ci ildə Quba Mərkəzi Xəstəxananın təmiri üçün “Turqay” MMC-nin hesabına 11 milyon120 min manat pul köçürülüb. Təsəvvür edin, hörmətli prezidentimiz cənab İlham Əliyev jurnalistlər üçün 155 mənzilli 18 mərtəbəli yaşayış binasının tikintisi üçün 5 milyon manat vəsait ayırıb və həmin yaşayış binası bu il jurnalistlərin istifadəsinə verildi. Amma bir xəstəxananın təmiri üçün nazir O.Şirəliyev 11 milyon 120 min manat pul ayırır.
1 saylı Kliniki Tibbi Mərkəzin təmiri üçün isə 297 min 650 manat yenə də “Turqay” MMC-nin hesabına verilib, Suraxanıdakı 31 saylı adi poliklinikanın təmiri üçün yenə 5 milyon manat.
Bundan əlavə, Respublika Talessimiyya Mərkəzinin təmiri üçün 294 min 245 manat, 2013-cü ildə Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üçün “Turqay” MMC-yə 10 milyon 960 manat hədiyyə edilib. Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmir işləri üçün isə 5,1 milyon manat, 2015-ci ildə Mingəçevir şəhər xəstəxanasının ərazisində olan Uşaq Reabilitasiya Mərkəzinin tikintisi üçün 775 min manat “Turqay” MMC-nin hesabına köçürülüb.

Bəs “Turqay” MMC-nin rəhbəri görəsən kimidir və onu Səhiyyə Nazirliyinə bağlayan tellər nədir?

Yenə sosial şəbəkəyə müraciət etdik. PİA.AZ yazır ki, “Turqay” MMC nazirliyin tender kralı adlandırılır. Çünki Səhiyyə Nazirliyinə məxsus bütün xəstəxanların, poliklinikaların tikintisi, təmiri və təchizatı ancaq “Turqay” MMC-yə həvalə olunub. Tenderlər isə formal olaraq keçirilib, o da kağızda. Deməli, saytlardan birinin 12.02.2016-cı il tarixli sayında Səhiyyə Nazirliyi ilə bağlı yazısında oxuyuruq: “Turqay” MMC şirkətinə havadarlığı səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumlarından biri edir. Şirkət rəhbərliyi məhz bu havadarın sayəsində milyonluq tenderlərin qalibi olub. Şirkətə köçürülən vəsaitin 30 faizi nağd şəkildə Səhiyyə Nazirliyinin rəhbərliyinə çatdırılıb. Mənbəmiz görünən işlərin bir neçə dəfə şişirdildiyini və külli miqdarda vəsaitlərin silindiyini bildirdi. MMC sahibinin səhiyyə tenderlərindən əldə etdiyi kirli vəsaitlər hesabına 7-8 ədəd yüzminlik avtomobilə sahib olduğu və Bakı şəhərində xeyli sayda obyekt əldə etdiyi deyilir”.
Verilən məlumatlar içərisində o da qeyd olunur ki, “Turqay” MMC-nin təsisçisi və rəhbəri Abbasov Tamerlan Yəhya oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ümumilikdə, “Turqay” MMC-nin bir neçə il ərzində vergidən yayındırdığı məbləğ 4 milyard 797,7 milyon manatdır.
Sonra da deyirik ki, puluz dərman almaq hüququna malik olan insanlar üçün poliklinikalara niyə dərman verilmir?
Ümumilikdə nazirliyin necə işlədiyi yuxarıda göstərdiyimiz faktlardan da aydın olur. Yazı çapa hazırlanarkən bir daha nazirlik rəsmiləri ilə əlaqə saxlamaq istədik. Bu məqsədlə Səhiyyə Nazirliyinin saytına baxış keçirdik ki, müavinlərin və ya hər bir idarə rəislərinin əks tərəf kimi mövqelərini öyrənək.
Təsəvvür edin, nə qədər qəribə də olsa, Səhiyyə Nazirinin və müavinlərinin iş nömrələri internetdə yoxdur. Bütün nazirliklərin, müavinlərinin və onların strukturlarının telefon nömrələri internetdə var. Ancaq Səhiyyə Nazirliyi yeganə nazirlikdir ki, nazirin də, müavinlərinin də iş otaqlarının telefon nömrələri qeybə çəkilib. Bu rəsmilərdən heç olmasa biri ilə əlaqə saxlamaq məqsədi ilə internetdə göstərilən (012) 495-40-15 və 495-35-39 saylı “qaynar xətt” nömrələrinə zəng etdim. Nə qədər qəribə olsa da, robot cavab verdi ki, nömrənin əvvəlinə “4” əvəzinə “5” yığın. Sonra nömrənin internetdə yerlədirilmə tarixinə baxdım. 28.02.2011. Neçədir sizin üçün? Bir nazirliyin ki, “qaynar xətt”inin nömrəsi 2011-ci ildən bəri yenilənməyə, ondan nəsə gözləməyə dəyərmi? Saytda göstərilən digər (012) 565-12-64 saylı “qaynar xətt”dən isə ümumiyyətlə cavab verən olmadı. Nazirliyin 441-26-03 komutatorundan isə hər hansı bir şöbəyə düşmək Ərəbistan səhralarına düşməyə bənzəyir. Yəni, başdan-ayağa zülm və əzab. Əvvəla, robot cavab verir ki, daxili nömrəni bilirsinizsə yığın, bilmirsinizsə, sizi operatora çalaşdırırıq. Operator isə hansı rəsmi şəxslə bağlanmaq istədiyimiz bildirəndən sonra, guya həmin şəxslə əlaqə yaradır. Uzun çağrışlardan sonra dərhal “otboy” gedir. Yəni, nazirliyin bütün strukturları qapalı iş rejiminə keçib və ətraf aləmdən təcrid olunublar.
Belə olan surətdə nazirliyin məşhur 4 rəqəmli - 9103 saylı “qaynar xətt”inə zəng etdim. Maraqlıdır ki, operatorun yerinə yenə robot cavab verir ki, “qaynar xətt” üçün “0” düyməsini basın. Mən başa düşə bilmirəm, əlimyandıda vətəndaş “qaynar xətt” kimi 9103- ə zəng edir ki, təcili problemini desin. Neçə olur ki, bu nömrəyə hər hansı bir operator yox, robot cavab verir və zəngi başqa istiqamətə yönəldir? Axı görüb, bildiyimizdən aydındır ki, “qaynar xətt”ə olunan zəngə operator dərhal cavab verməlidir. Əgər bu “qaynar xətt”ə əvvəlcə robot cavab verirsə, daha bunun harası “qaynar xətt” oldu? Görünür “qaynar xətt”ləri də elə nazirliyin özü kimi işləyir. Gün ərzində zəng etdiyim nazirliyin hüquq şöbəsinin (012) 565-12-83, ümumi şöbənin (012) 598- 50-94, (012) 565-12-58 telefonları da partizan kimi susdu.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şəfayət xanımdan isə istədiyimiz suallara cavab ala bilmədik. Yəni, həmin suallara cavab onun səlahiyyətinə aid deyildi. Şəfayət xanım bildirdi ki, mətbuat xidmətinin rəhbəri Liya xanımla əlaqə saxlayaq və suallarımıza o, hərtərəfli cavab verə bilər. Deməli, dairə yenə hərlənib gəlib elə Liya xanımda qapanır. Çünki Liya xanımla məsələni artıq yuxarıda aydın etdik.
Mən sözlərimi səhiyyə naziri cənab Oqtay Şirəliyevin vaxtilə mətbuata dediyi bir cümlə ilə tamamlamaq istəyirəm: “Hər struktur öz rəhbərinin işlədiyi kimi işləyir”.
Əlavə şərhə ehtiyac varmı?
Elçin MƏMMƏDLİ
P.S. Yazıda adı çəkilən həkimlərin və Səhiyyə Nazirliyinin hər hansı rəsmisinin mövqeyini dərc etməyə hazırıq.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up