KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir (FOTO)

Baş səhifə

Bakı. Trend:

KOB Model Müəssisə 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara
istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli
dəstək göstərib.

Bu barədə Trend-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
(KOBİA) məlumat verilib.

Cari ilin ötən dövründə Model Müəssisə tərəfindən 460 saatdan
çox təlim keçirilib ki, bu təlimlərdə 1360-a yaxın sahibkar və
istehsalat sahəsində çalışan mütəxəssislər iştirak edib. Təlimlərin
məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində
tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və
istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır.




KOB Model Müəssisədə keçirilən təlimlər sahibkarların real
ehtiyaclarına uyğun olaraq vaxta və xərclərə qənaət üsullarının
öyrənilməsi, resurslardan səmərəli və adekvat istifadənin
mənimsənilməsi, standartlaşdırma, vaxtın ölçülməsi, qənaətli
istehsal metodlarının əyani təbliği, “Soft Skills” (yumşaq
bacarıqlar), layihə idarəetməsi, maliyyənin və təchizat zəncirinin
idarə olunması, satış və marketinq mövzularını əhatə edib. Eyni
zamanda son illərdə sahibkarların rəqəmsal bacarıqlara və “yaşıl
iqtisadiyyat”a keçidə göstərdikləri maraq nəzərə alınaraq bu
mövzularda da təlimlər təşkil olunub.

Təlimlərlə yanaşı, KOB Model Müəssisə tərəfindən ümumilikdə 840
saat 5 KOB subyektinə onların müəssisəsində real istehsal
proseslərinin təhlili və yaxşılaşdırılması üzrə məsləhət xidməti
göstərilib. Bu xidmətlər 2025-ci ilin sonunadək davam
etdiriləcəkdir.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
tərəfindən yaradılmış KOB Model Müəssisə sahibkarlıq subyektlərinin
inkişafı üçün “görmə, eşitmə və icraetmə” konsepsiyası əsasında
fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal
mərkəzdir. Model Müəssisə Azərbaycan Texniki Universitetində
fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanmaq
istəyən, istehsal sahəsində çalışan biznes subyektləri KOBİA-ya və
ya Model Müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə
bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən
xidmətlər ödənişsizdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir