
Bakı. Trend:
Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni
Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət
istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır.
Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və
ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə
qaytarmaqdır.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adına
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində
yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş
həkimi Dilqəm Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza və
travmalardan sonra alınan xəsarətlərlə bağlı aparılır:
“Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqa
hissəsində deformasiya yaranarsa, biz həmin nahiyəni yenidən
formalaşdırırıq. Yanıq hallarında sonra dəri büzüşür, hərəkət
məhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həm
də hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan sonra
məsələn, süd vəzi xərçəngi səbəbilə döş götürüldükdən sonra yenidən
formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm
fiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin.
Anadangəlmə qüsurlar o cümlədən, dodaq-damaq yarığı kimi problemlər
əməliyyatla düzəldilir və uşaq normal danışıq və qidalanma
funksiyasına qovuşur. Mikrocərrahiyyə əməliyyatları, çox incə damar
və sinirlərin bərpası aparılır.
Baş həkim qeyd edib ki, bu əməliyyatların əsas fərqi ondadır ki,
onlar yalnız görünüş üçün deyil, insanın normal yaşaması üçün
vacibdir.
Bununla yanaşı, klinikamızda estetik əməliyyatlar da geniş
şəkildə həyata keçirilir. Bu əməliyyatlar daha çox insanın öz
görünüşündən razı qalması və özünə inamının artması üçün
edilir.
D.Məmmədov qeyd edib ki, klinikada ən çox edilən estetik
əməliyyatlar burun (rinoplastika), göz qapağı, qarın
(abdominoplastika) piylərin götürülməsi (liposaksiya) süd vəzi
əməliyyatları aparılır. Həmçinin, minimal prosedurlar olan iynə
vasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzə
daha təravətli görünüş verilir.
Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbii
görünsün və insanın özünə uyğun olsun, yəni süni dəyişikliklərdən
uzaq dururuq.
Hədəf pasiyent auditoriyamız genişdir – həm sağlamlığını bərpa
etmək istəyən pasiyentlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyən
şəxslər bizə müraciət edə bilər. Amma bizim üçün tibbi zərurəti
olan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır.
İcbari tibbi sığorta isə əsasən məhz bu cür zəruri rekonstruktiv
əməliyyatları əhatə edir. Estetik məqsədli əməliyyatlar isə hazırda
bu paketə daxil deyil.

