
Bakı. Trend:
Bolqarıstanın Nazirlər Şurası Azərbaycanla Bolqarıstan arasında
Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın tikintisi və
yenidən qurulması üzrə əməkdaşlığa dair sazişin ratifikasiyası
barədə qərar qəbul edib.
Azərbaycanın Bolqarıstandakı səfiriliyindən Trend-ə bildirilib ki,
bir tərəfdən Bolqarıstan hökuməti və Veliko Tırnovo Bələdiyyəsi,
digər tərəfdən isə Azərbaycan hökuməti arasında Bolqarıstanın
Veliko Tırnovo şəhərində ‘Şuşa Parkı’nın salınması və yenidən
qurulması üzrə əməkdaşlıq haqqında” saziş 11 fevral 2026-cı il
tarixində Sofiya şəhərində Azərbaycan Dövlət şəhərsalma və
arxitektura Komitəsinin sədri Anar Quliyev və Bolqarıstanın xarici
işlər naziri Qeorq Qeorgiyev tərəfindən imzalanıb. Şuşa ilə Veliko
Tırnovo arasında qardaşlaşmış şəhər münasibətlərinə əsaslanan bu
təşəbbüs yerli səviyyədə əməkdaşlığa yeni dinamika qazandırmaqla
yanaşı, Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq
çərçivəsində mədəni və təhsil sahələrində əlaqələrin daha da
genişlənməsinə xidmət edir.
Qeyd olunub ki, yaradılacaq park Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşa şəhərinin adını daşıyacaq və bu təşəbbüs
ölkəmizin zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə
tanıdılmasına xidmət etməklə yanaşı, Azərbaycan–Bolqarıstan dostluq
münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

