
Bakı. Trend:
Azərbaycanın İtaliya ilə qurduğu münasibətlər bərabərhüquqlu
tərəfdaşlıq, qarşılıqlı hörmət və milli maraqların qorunması
prinsipləri üzərində uğurla inkişaf edir. Bu münasibətlərin
məzmununa diqqət yetirdikdə görünür ki, ölkələr arasında iqtisadi
maraqlara uyğun olaraq həyata keçirilən irimiqyaslı enerji və
infrastruktur layihələri tərəflərin əməkdaşlıq siyasətinin
uzunmüddətli xarakterini göstərir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov
deyib.
Millət vəkili bildirib ki, İtaliya Nazirlər Şurasının sədri
Ciorcia Meloninin Azərbaycana səfəri zamanı deyilən fikirlər
ölkələr arasındakı bağların nə qədər dərin olduğunu nümayiş
etdirir:
“Ölkələrimiz arasında 2014-cü və 2020-ci illərdə imzalanmış
strateji tərəfdaşlığa dair bəyannamələr münasibətlərimizin
sarsılmaz təməlini təşkil edir. İtaliya rəhbərinin Ermənistandakı
proqramını bitirdikdən dərhal sonra Bakıya gəlməsi Azərbaycana
göstərilən xüsusi hörmətin və siyasi münasibətlərdə qorunan
balansın göstəricisidir.
Hazırda İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı
olması və ötən il ticarət dövriyyəmizin təxminən 12 milyard dollar
təşkil etməsi bu iqtisadi birliyin geniş miqyasından xəbər
verir.
Xüsusilə enerji sahəsindəki güclənən tərəfdaşlığımızla bağlı
qeyd etmək lazımdır ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz
təchizatında ikinci yerdədir. Ölkəmizin enerji sahəsində ixrac
əməliyyatlarının həcminin genişləndirilməsi məqsədinə müvafiq
olaraq gündəmdə olan əsas məsələlərdən biri də TAP layihəsi
vasitəsilə İtaliya bazarına göndərilən təbii qazın həcminin daha da
artırılmasıdır”.
Deputat vurğulayıb ki, iqtisadi və siyasi əlaqələrlə yanaşı
hərbi-texniki və investisiya sahələrində də partnyorluq diqqət
mərkəzində saxlanılır:
“Yeni və ümidverici sahə olan hərbi-texniki əməkdaşlıq
çərçivəsində İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə
imkanlarının birləşdirilməsi, birgə istehsalın təşkili nəzərdə
tutulur. Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya
iqtisadiyyatına 3 milyard dollara yaxın sərmayə qoyması ölkəmizin
tərəfdaş dövlətin inkişafına verdiyi dəstəyin göstəricisidir.
Sevindirici haldır ki, Azərbaycanda uğurla fəaliyyət göstərən
İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi
Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində 23 layihə ilə
xarici ölkələr arasında qabaqcıl yerlərdədir. Təhsil sahəsindəki
əməkdaşlığın rəmzi olan İtaliya-Azərbaycan Universiteti isə
gələcəkdə hər iki xalq arasında mənəvi körpü rolunu oynayacaq
peşəkarlar yetişdirir”.

