
Bakı. Trend:
Bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə
yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət
ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı
həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, yayılan məlumatlarda guya dövlət ittihamını
müdafiə edən prokuror tərəfindən təqsirləndirilən şəxsə 7 il
müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi
istənilib.
“Bununla bağlı bildiririk ki, qeyd olunan məlumatlar həqiqətə
uyğun deyildir. Dövlət ittihamçısı çıxışında Babək İbadovun ittiham
olunduğu əməlin ictimai təhlükəlilik dərəcəsi, iş üzrə toplanmış
sübutların məcmusu və cinayət qanunvericiliyinin tələbləri nəzərə
alınmaqla onun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilməsini məhkəmədən xahiş edib.
Media nümayəndələri və ictimaiyyəti yalnız rəsmi mənbələrə
istinad etməyə, yoxlanılmamış və yanlış məlumatların yayılmamasına
çağırırıq”, – deyə məlumatda qeyd olunub.

