
Bakı. Trend:
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə
və “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevaya
Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafına verdikləri
töhfəyə görə Böyük Britaniyanın fəxri mükafatları təqdim
olunub.
Trend xəbər verir ki,
mükafatları onlara Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus
Auld təqdim edib.
“Ən böyük imtiyazlardan biri, bir insana Onun Əlahəzrət Kral
tərəfindən mükafata layiq görüləcəyini xəbər vermək imkanıdır.
Bundan da xoşu isə bu mükafatı şəxsən Onun Əlahəzrəti adından
təqdim etməkdir. Mənim üçün xüsusi məmnuniyyətdir ki, bu
mükafatları böyük simpatiya və hörmət bəslədiyim iki insana təqdim
edirəm. Onlar mənim burada Böyük Britaniyanın səfiri kimi fəaliyyət
göstərdiyim dörd il ərzində, eləcə də məndən əvvəlki bir çox
britaniyalı səfirlər dövründə Böyük Britaniya ilə Azərbaycan
arasında münasibətlərə böyük töhfə veriblər”, – deyə F.Auld
bildirib.
O qeyd edib ki, bp “Əsrin müqaviləsi”nin imzalanmasından bəri
Azərbaycanın inkişafında ayrılmaz rol oynayıb və ölkənin sonrakı
inkişafına mühüm töhfə verib.
Səfir həmçinin vurğulayıb ki, “British Council” artıq demək olar
ki, üç onillikdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin insan
kapitalının inkişafına töhfə verir.
Bəxtiyar Aslanbəyli və Nərgiz Hacıyeva isə öz növbəsində
fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkür edərək Böyük
Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha da
gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Xatırladaq ki, Bəxtiyar Aslanbəyli Kral III Çarlz tərəfindən
Britaniya İmperiyasının Ən Şərəfli Ordeninin Zabiti (OBE) fəxri
adına layiq görülüb. Nərgiz Hacıyeva isə Britaniya İmperiyasının
Ordeninin Fəxri Üzvü (MBE) adına layiq görülüb.

