Azərbaycan Tacikistanın təşəbbüslərini dəstəkləyən ilk ölkələr sırasındadır – Səfir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Tacikistanın təşəbbüslərini ardıcıl şəkildə
dəstəkləyən ilk ölkələrdən biridir.

Bunu Trend-ə özəl
müsahibəsində Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri İlhom Abdurahmon “Su dayanıqlı inkişaf üçün”
(2018–2028-ci illər) Beynəlxalq fəaliyyət onilliyi çərçivəsində
Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa
hazırlıqla bağlı brifinqin kuluarlarında bildirib.

Onun sözlərinə görə, Tacikistan ilə Azərbaycan arasında su
ehtiyatları və iqlim sahəsində münasibətlər həmişə artan xətt üzrə
inkişaf edib.

“Tacikistan tərəfindən irəli sürülən bütün təşəbbüslər daim
Azərbaycanın dəstəyini qazanıb. Öz növbəsində, Tacikistan da
Azərbaycanın iqlim təşəbbüslərini dəstəkləyir. Son 10 ildən artıq
müddətdə Tacikistan BMT çərçivəsində su gündəliyi üzrə bir sıra
təşəbbüslər irəli sürüb və onlar konsensus əsasında qəbul olunub.
Prezidentlərimiz arasında yüksək etimad səviyyəsini nəzərə alaraq
qarşılıqlı dəstəyə xüsusi önəm veririk”, – deyə o bildirib.

Səfir vurğulayıb ki, hər iki ölkə ekologiya, su ehtiyatları və
iqlim gündəliyi sahələrində beynəlxalq platformalarda, o cümlədən
Birləşmiş Millətlər Təşkilatında (BMT) bir-birinin təşəbbüslərini
dəstəkləməyə çalışır.

O, həmçinin Azərbaycanın tacik təşəbbüslərinə göstərdiyi dəstəyə
və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində müvafiq nazirlik və
qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə fəal
iştirakına görə təşəkkürünü bildirib. Diplomatın sözlərinə görə,
Azərbaycan tərəfi Düşənbədə keçiriləcək konfransda yüksək səviyyədə
– nazir və böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

İlhom Abdurahmon qeyd edib ki, Azərbaycan ənənəvi olaraq
Tacikistanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir.
Eyni zamanda, tacik tərəfi də Azərbaycanda keçirilən iqlim
forumlarında, o cümlədən Tacikistan Prezidenti Emoməli Rəhmonun
iştirak etdiyi COP29-da yüksək səviyyədə təmsil olunur.

Səfir vurğulayıb ki, su problemləri bu gün qlobal
çağırışdır.

“Su ehtiyatlarının çatışmazlığı dünyanın bir çox regionlarında,
o cümlədən Afrika ölkələrində müşahidə olunur. Buzlaqların əriməsi,
o cümlədən Tacikistanda, iqlim dəyişikliklərinə və təbii
fəlakətlərə səbəb olmaqla ciddi təhlükə yaradır. Beynəlxalq
ictimaiyyət, o cümlədən Qərb ölkələri və region dövlətləri bu
məsələyə artan diqqət göstərir”, – deyə o bildirib.

İlhom Abdurahmon xatırladıb ki, ötən il Tacikistanda buzlaqların
əriməsi probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilib və
həmin tədbirdə Azərbaycan tərəfi də iştirak edib.

Sonda səfir əminliyini ifadə edib ki, ikitərəfli münasibətlərin
səviyyəsi bundan sonra da möhkəmlənəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir