Azərbaycan bu prosesin tam mərkəzində yerləşir – UND rəhbəri

Baş səhifə

Bakı.Trend:

Azərbaycan nəqliyyat infrastrukturuna genişmiqyaslı
investisiyalar sayəsində Orta Dəhlizin inkişafında əsas rol oynayır
və marşrutun Xəzər hissəsində mərkəzi mövqe tutur.

Trend xəbər verir
ki, bunu Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının
(UND) baş direktoru Alper Özəl Bakıda keçirilən 2-ci Xəzər
Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində
panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz bu gün artıq alternativ
nəqliyyat marşrutu deyil, Avropa ilə Asiya arasında dayanıqlı
təchizat zəncirlərinin təmin edilməsi üçün strateji zərurətə
çevrilib.

Özəl qeyd edib ki, Azərbaycan dəhlizin inkişafı istiqamətində
böyük işlər görüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu
infrastrukturu, nəqliyyat bağlantıları və Ələt Azad İqtisadi Zonası
kimi sahələrə investisiyalar yatırıb.




“Xəzər dənizi Orta Dəhlizin “ürəyidir”, Azərbaycan isə bu
prosesin tam mərkəzində yerləşir”, – deyə o vurğulayıb.

Türkiyəli assosiasiya rəhbəri bildirib ki, Avropa İttifaqı
təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və Mərkəzi
Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi siyasəti
çərçivəsində Orta Dəhlizə artan maraq göstərir.

Onun sözlərinə görə, Türkiyə marşrutun Avropaya açılan “qapısı”
rolunu oynayır və dəhlizin daha da inkişafı Azərbaycan və
Türkiyənin nəqliyyat qurumları, logistika şirkətləri və aidiyyəti
strukturları arasında daha sıx əməkdaşlıq tələb edir.

Özəl həmçinin mövcud “dar boğazların” aradan qaldırılmasının və
logistika proseslərinin səmərəliliyinin artırılmasının vacibliyini
vurğulayıb. Onun fikrincə, yük gözləmə vaxtının azaldılması və
daşımaların rəqəmsallaşdırılmasının davam etdirilməsi marşrutun
rəqabət qabiliyyətini artıracaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir