Azərbaycan ilə Aİ arasında yeni hərtərəfli saziş layihəsi haqqında danışıqlar aparılıb (FOTO)

Baş səhifə

2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə
Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli
saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq
Prioritetləri sənədi üzrə danışıqlar aparılıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat
yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici
Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone
Perkauskiene rəhbərlik edib.

Konstruktiv ruhda keçən müzakirələrin nəticəsində 2026-2030-cu
illəri əhatə edən Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin
layihəsi ilkin olaraq razılaşdırılıb.

Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində
Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri Aİ-dən
olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri
üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə
irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə
bağlı planlar müəyyən edilib.

Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə
danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə
davam etdirilməsi barədə razılığa gəliblər.

XİN ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində
Prezident Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Energetika,
Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial
Müdafiəsi, Elm və Təhsil Nazirliklərinin, habelə Mərkəzi Bank,
Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına
Nəzarət, Əqli Mülkiyyət və Medianın İnkişafı Agentliklərinin
nümayəndələri iştirak ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir