
Bakı.Trend:
Azərbaycanda kommunal miqyaslı ilk layihə olduğu üçün “Qaradağ”
Günəş Elektrik Stansiyasında istehsala heç bir məhdudiyyət
yoxdur.
Trend xəbər verir
ki, bunu “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Murad Sadıxov 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi
çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Bununla yanaşı, şəbəkəyə güc verilişi üzrə müəyyən limit
mövcuddur. Stansiya daha çox elektrik enerjisi istehsal etmək
qabiliyyətinə malikdir, lakin şəbəkə infrastrukturundakı
məhdudiyyətlər səbəbindən biz bütün potensial istehsal həcmini
şəbəkəyə ötürə bilmirik”, – deyə o bildirib.
O, həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi fonunda bərpa
olunan enerji layihələri üçün generasiyanın proqnozlaşdırılması
əsas risklərdən birinə çevrilir.
“Biz may ayında baş verənləri gördük: güclü yağıntılar, dolu və
digər qeyri-adi hava hadisələri”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu cür iqlim dəyişikliklərini stansiyanın
layihələndirilməsi və istismar proqnozlarının hazırlanması
mərhələsində tam şəkildə nəzərə almaq mümkün olmayıb.
O əlavə edib ki, “Qaradağ” Günəş Elektrik Stansiyası enerji
yığım sistemi ilə təchiz edilməyib, çünki layihə ilkin mərhələdə
pilot layihə kimi icra olunub: “Oxşar vəziyyət icra mərhələsində
olan digər iki günəş layihəsinə – Biləsuvar və Neftçala
layihələrinə də aiddir.”
Bununla belə, onun fikrincə, gələcəkdə hökumət tədricən enerji
saxlama sistemlərini tətbiq edəcək.
O, nümunə kimi “Azərenerji” tərəfindən icra olunan ölkənin ilk
battareya enerji saxlancı sistemi layihəsini göstərib. 250 MVt gücə
və 500 MVt/saat tutuma malik olan bu sistem enerji sistemində
tezliyin və elektrik axınlarının tənzimlənməsi üçün nəzərdə
tutulur.
Ümumilikdə, onun sözlərinə görə, ilk böyük günəş layihəsi
statusu bir çox bərpa olunan enerji mənbələri obyektlərinin
üzləşdiyi şəbəkə problemlərindən yayınmağa imkan verib.
“Şükürlər olsun ki, bu çağırışlar hələlik bizim işimizə ciddi
təsir göstərməyib”, – deyə o əlavə edib.

