Sərdar Cəlaloğlunun əsassız iddiaları ictimai rəyi manipulyasiya etmək cəhdidir – Deputat

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda siyasi plüralizm mövcuddur və hər bir siyasətçinin
öz fikrini ifadə etmək hüququ var. Lakin bu hüquq heç bir halda
əsassız ittihamlar səsləndirmək, insanların nüfuzuna xələl gətirmək
və cəmiyyəti yanlış təsəvvürlər formalaşdırmağa yönəltmək
vasitəsinə çevrilməməlidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

Deputat bildirib ki, ADP sədri Sərdar Cəlaloğlunun Milli
Məclisin sədri Sahibə Qafarova haqqında səsləndirdiyi əsassız və
absurd fikirlər məhz bu baxımdan ciddi narahatlıq doğurur:

“Sahibə xanımın vaxtilə Bakı Slavyan Universitetində prorektor
vəzifəsində çalışmasını Rusiyanın maraqlarına xidmət etməsi ilə
əlaqələndirmək nə hüquqi, nə siyasi, nə də məntiqi baxımdan əsaslı
yanaşma sayıla bilər. Belə əsassız iddialar ictimai rəyi
manipulyasiya etmək cəhdi kimi qiymətləndirilə bilər.

Bu gün Sahibə Qafarovanın fəaliyyəti həm Azərbaycan
cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin gözü qarşısındadır.
O, Milli Məclisin sədri kimi ölkəmizi çoxsaylı beynəlxalq parlament
platformalarında uğurla təmsil edir, Azərbaycanın milli maraqlarını
qətiyyətlə müdafiə edir və parlament diplomatiyasının daha da
gücləndirilməsi istiqamətində mühüm işlər görür.

Son illərdə parlamentlərarası əlaqələrin genişlənməsi,
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və ölkəmizin
haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
həyata keçirilən fəaliyyət bunu bir daha təsdiqləyir”.




Deputat bildirib ki, siyasi fəaliyyət şəxsi ehtimallar və ya
əsassız ittihamlar üzərində deyil, məsuliyyət və faktlar üzərində
qurulmalıdır:

“Təəssüf ki, cəmiyyətdə ciddi sosial dayağa malik olmayan bəzi
siyasi qüvvələr zaman-zaman diqqət mərkəzində qalmaq üçün dövlət
institutlarını və yüksək vəzifəli şəxsləri hədəf seçərək qalmaqallı
bəyanatlar verməyə üstünlük verirlər. Bu isə nə siyasi mədəniyyətə,
nə demokratik dəyərlərə, nə də sağlam siyasi rəqabət prinsipinə
xidmət edir.

Hesab edirəm ki, Azərbaycan cəmiyyəti artıq populist çıxışlarla,
sensasiya yaratmağa hesablanmış əsassız ittihamlar arasında fərqi
aydın şəkildə görür. Vətəndaşlar konkret nəticələrə, dövlət
maraqlarına xidmət edən fəaliyyətə və məsuliyyətli siyasətə
üstünlük verirlər.

Siyasi mübarizə aparmaq istəyən hər bir qüvvə bunu qarayaxma
kampaniyaları ilə deyil, real proqramlar, cəmiyyət üçün faydalı
təşəbbüslər və dövlətin inkişafına xidmət edən təkliflərlə
etməlidir. Demokratik rəqabətin əsas prinsipi də məhz bundan
ibarətdir.

Əminəm ki, dövlət institutlarının nüfuzunu əsassız ittihamlarla
sarsıtmağa yönəlmiş cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının
inkişafı və milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsi
bundan sonra da ölkəmizin əsas prioritetlərindən biri olacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir