
Bakı. Trend:
İyulun 7-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və
təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə
Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) təşkilati dəstəyi ilə
həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026)
layihəsində iştirak edən 26 gənc rəssamın mükafatlandırma mərasimi
keçirilib.
Layihənin builki buraxılışında əsas diqqət keçmişin
dağıntılarına deyil, Qarabağın bu gününə və gələcəyinə, regionun
dirçəlişinə, bərpa və yenidənqurma prosesinə, həmçinin füsunkar
təbiəti ilə mədəni irsinə yönəlib. Qeyd olunan mövzuda 26 gənc
rəssam tərəfindən 24-ü rəsm, 5-i heykəltəraşlıq nümunəsi olmaqla
ümumilikdə 29 sənət əsəri ərsəyə gətirilib.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri
Rəhman Hacıyev, Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) rektoru,
Xalq rəssamı Natiq Əliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə
prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və
yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev və
layihədə iştirak edən gənc rəssamlar iştirak ediblər.
QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev layihə ilə bağlı
məlumat verərək onun əhəmiyyətindən və gənc rəssamların
yaradıcılığına verdiyi töhfələrdən danışıb. Onun sözlərinə görə,
ilk dəfə 2024-cü ildə reallaşdırılan “Qarabağın Rəngləri”
layihəsinin məntiqi davamı olan “Qarabağın Rəngləri: Faciədən
Zəfərə” (2026) layihəsi tarixi yaddaşımızın bədii sənət dili ilə
gələcək nəsillərə ötürülməsində mühüm bir körpü rolunu oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı
bərpa və yenidənqurma işlərinin rəssamlar üçün böyük bir ilham
mənbəyi olduğunu vurğulayan İdarə Heyətinin sədri, gənc rəssamların
layihədə iştirak etməklə Qarabağın bərpası kimi tarixi bir
missiyaya öz töhfələrini verdiklərini vurğulayıb.
Gələcəkdə layihənin miqyasının daha da genişlənəcəyinə və
beynəlxalq müstəviyə daşınacağına ümidvar olduğunu bildirən Rəhman
Hacıyev, başda rektor Natiq Əliyev olmaqla, layihənin uğurla baş
tutmasına dəstək verən ADRA rəhbərliyinə və bənzərsiz əsərlər
ərsəyə gətirən gənc rəssamlara dərin təşəkkürünü ifadə edib. Onun
sözlərinə görə, gənc rəssamların fırçasından çıxan hər bir əsər
təkcə Qarabağın keçmiş ağrı-acısını deyil, həm də bu gün regionda
gedən möhtəşəm intibah prosesini və xalqımızın zəfər ruhunu özündə
ehtiva edir.
Daha sonra çıxış edən ADRA-nın rektoru, Xalq rəssamı Natiq
Əliyev layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasında və onların yaradıcılıq potensialının
reallaşdırılmasında müstəsna rolunu qeyd edib. O, QDF ilə ADRA
arasındakı səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək,
tələbələrin bu tarixi mövzuya göstərdikləri bədii yanaşmanı yüksək
qiymətləndirməklə yanaşı, layihənin uğurla davam edəcəyinə
əminliyini ifadə edib.
Tələbələrə qarşı diqqət və dəstəyə görə QDF-in İdarə Heyətinin
sədri Rəhman Hacıyevə təşəkkür edən Natiq Əliyev sözügedən
layihələrin Azərbaycan təsviri incəsənətinə də öz müsbət təsirini
göstərdiyini vurğulayıb.
ADRA-nın prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad
Salayev də öz növbələrində çıxış edərək, layihənin əhəmiyyətindən
və təqdim olunan əsərlərin bədii dəyərindən söz açıblar.
Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib.
“Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində
əsərlərin müəlliflərinə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi
sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti
tərəfindən xüsusi təqaüd təqdim olunub.
Sonda layihədə iştirak edən tələbələr çıxış edərək onlara
yaradılan bu imkana və yaradıcılıqlarına göstərilən yüksək diqqətə
görə Fond rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir
xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağın
Rəngləri” layihəsi Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və
təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin
və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə
2024-cü ildə həyata keçirilib.
Layihə çəçivəsində 23 istedadlı gənc tərəfindən 23 sənət əsəri –
19 rəsm və 4 heykəltəraşlıq nümunəsi hazırlanıb. Həmin əsərlərin
satışından əldə olunan 90.200 AZN vəsait Qarabağda aparılan
bərpa-quruculuq işlərinə dəstək göstərilməsi məqsədilə Fonda ianə
olunub.
Məlumat üçün bildirək ki, “Qarabağın Rəngləri” (2026) layihəsi
çərçivəsində ərsəyə gətirilən əsərlər də yaxın günlərdə xeyriyyə
hərracına çıxarılacaq və əldə edilən bütün vəsait QDF-ə ianə
olunacaq.

