
Bakı. Trend:
Qax–Balakən sahəsində qeyri-sabit hava şəraiti nəticəsində
dəmiryol infrastrukturuna dəyən zərərlə əlaqədar Bakı–Balakən
marşrutu üzrə qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik
edilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nın Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8–20 iyul
tarixlərində Bakı–Balakən qatarları yalnız Qax stansiyasına qədər
hərəkət edəcək. Balakən–Bakı istiqamətində hərəkət edən qatarlar
isə Qax stansiyasından yola düşəcək.
Məlumata görə, sərnişinlərin Qorağan, Əliabad, Zaqatala, Göyəm
və Balakən stansiyalarından Qax stansiyasına, eləcə də əks
istiqamətdə daşınmasını təmin etmək məqsədilə ödənişsiz avtobuslar
təşkil olunacaq.
Bundan əlavə, 20 iyul tarixinədək Qorağan, Əliabad, Zaqatala,
Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti
dayandırılıb.

