Bakı. Trend:
Ruben Vardanyan ətrafında uzun illər formalaşdırılan
“xeyriyyəçi” imici son dövrlərdə həm hüquqi faktlar, həm də
beynəlxalq səviyyədə səslənən yeni arqumentlər fonunda ciddi
şəkildə sarsılır.
Bu baxımdan ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üçün
istifadə olunan xüsusi materialların istehsalında iştirak edən
yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin
qurucusu, B-2 strateji bombardmançılarının görünməzlik örtüyünün
müəllifi Ergün Kırlıkovalının Nyu-York Universitetinin professoru
Nassim Nikolas Talebə ünvanladığı açıq məktub xüsusi diqqət çəkir.
Məktubda Ruben Vardanyanın filantrop kimi təqdim edilməsinin
reallığı əks etdirmədiyi, onun haqqında yaradılmış müsbət imicin
məqsədli şəkildə formalaşdırıldığı vurğulanır və beynəlxalq
akademik dairələr faktlara əsaslanan obyektiv yanaşmaya çağırılır.
Bu yanaşma Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə çatdırdığı
mövqe ilə üst-üstə düşür.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ruben Vardanyan Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə
daxil olub, Qarabağda fəaliyyət göstərmiş qondarma rejimdə yüksək
vəzifə tutub, separatçı idarəçiliyin saxlanmasına xidmət edib və
postmünaqişə dövründə sülh prosesini pozmağa çalışan əsas
fiqurlardan birinə çevrilib. Onun reinteqrasiya prosesinə qarşı
çıxan bəyanatları və bölgədə gərginliyin davam etdirilməsinə
hesablanmış çağırışları da bu siyasətin tərkib hissəsi kimi
qiymətləndirilir.
Bu iddiaların böyük hissəsi artıq hüquqi müstəvidə araşdırılıb.
Bakı Hərbi Məhkəməsi Ruben Vardanyanı Azərbaycan Cinayət
Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi,
qanunsuz silahlı birləşmələrin yaradılması, hakimiyyəti zorla ələ
keçirməyə cəhd, dövlət sərhədini qanunsuz keçmə və digər ağır
cinayətləri nəzərdə tutan çoxsaylı maddələri üzrə təqsirli bilib.
Məhkəmə prosesində yüzlərlə sübut, zərərçəkmişlərin ifadələri və
ekspertiza rəyləri araşdırılıb, təqsirləndirilən şəxs isə
müdafiəçi, tərcüməçi və digər prosessual hüquqlarla təmin
olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Bəhruz Məhərrəmov məsələ ilə bağlı Trend-ə açıqlamasında
bildirib ki, Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı
açıq məktub Ruben Vardanyan ətrafında illərlə yaradılmış
“xeyriyyəçi” və “filantrop” obrazının mahiyyətini ifşa edən mühüm
sənəddir.
Deputatın sözlərinə görə, Nassim Nikolas Talebin Ruben
Vardanyanın həbsini əsas gətirərək Bakıda mühazirə oxumaqdan imtina
etməsinə cavab olaraq Ergün Kırlıkovalının səsləndirdiyi
arqumentlər göstərir ki, risklər və yanlış narrativlər barədə yazan
bir alimin təbliğat təsiri altına düşməsi paradoksal
vəziyyətdir.
Bəhruz Məhərrəmov qeyd edib ki, OCCRP-nin “Troika Laundromat”
araşdırmaları Ruben Vardanyanın rəhbərlik etdiyi maliyyə
şəbəkələrinin ofşor mexanizmlər vasitəsilə milyardlarla dollar
vəsaitin hərəkətində iştirak etdiyini üzə çıxarıb.
O bildirib ki, Ruben Vardanyanın Rusiya hərbi-sənaye kompleksi
ilə əlaqələri və Ukraynadakı müharibə fonunda sanksiyalardan
yayınma mexanizmlərində hallanması onun fəaliyyətinin transmilli
cinayət aspektlərini gündəmə gətirir.
Onun sözlərinə görə, işğal dövründə təbii sərvətlərin talanması
və qanunsuz silahlı dəstələrin saxlanılmasında iştirakla bağlı
faktlar da beynəlxalq humanitar hüquq baxımından ciddi əhəmiyyət
daşıyır.

“Azərbaycanda Ruben Vardanyana qarşı terrorçuluğun
maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və
dövlət sərhədinin qanunsuz keçilməsi kimi maddələr üzrə irəli
sürülən ittihamlar beynəlxalq hüquqa uyğun olmaqla yanaşı,
cəzasızlıq praktikasına qarşı mühüm hüquqi presedent yaradır və
Ergün Kırlıkovalının məktubu da beynəlxalq ictimaiyyəti məhz bu
reallığı görməyə çağırır”, – deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Qeyd edək ki, Ruben Vardanyanın ətrafında yaradılmış “humanitar
lider” obrazı onun maliyyə fəaliyyəti ilə bağlı illər əvvəl
yayımlanan beynəlxalq araşdırmalar fonunda da ciddi suallar
doğurur. Xüsusilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya
Araşdırmaları Layihəsinin (OCCRP) “Troika Laundromat” araşdırması
onun rəhbərlik etdiyi “Troika Dialog” ətrafında qurulmuş ofşor
maliyyə şəbəkəsini yenidən gündəmə gətirib.
Araşdırmada 2006-2013-cü illərdə bu mexanizm vasitəsilə 4,6
milyard dollardan çox vəsaitin hərəkət etdiyi, daxili
əməliyyatların ümumi həcminin isə 8,8 milyard dollara çatdığı qeyd
olunur.
Eyni zamanda vurğulanır ki, Ruben Vardanyan barəsində həmin
araşdırma üzrə cinayət ittihamı irəli sürülməyib. Bununla belə,
materiallarda onun bu maliyyə infrastrukturunun istifadəçilərindən
biri olduğu, ailəsinə aid bəzi xərclərin də həmin sistem üzərindən
ödənildiyi göstərilir.
Beynəlxalq mediada onun Rusiya siyasi və biznes elitası ilə
yaxın münasibətləri, əlaqələndirildiyi şirkətlərin Ukraynadakı
müharibə kontekstində müxtəlif müzakirələrdə hallanması da
filantrop obrazının siyasi imic kampaniyası təsiri bağışladığını
göstərən amillər kimi təqdim olunur.
Azərbaycanın mövqeyi isə dəyişməzdir: dövlətin suverenliyinə
qarşı fəaliyyət göstərmiş, separatizmi dəstəkləmiş və ağır
cinayətlərdə ittiham olunan şəxslərin hüquqi məsuliyyəti heç bir
ictimai imiclə aradan qaldırıla bilməz.
Ergün Kırlıkovalının açıq məktubu, beynəlxalq araşdırmalarda yer
alan faktlar və Ruben Vardanyan barəsində çıxarılmış məhkəmə
hökmü eyni nəticəni ortaya qoyur: illərlə
yaradılan xeyriyyəçilik mifləri hüquqi həqiqətləri dəyişdirmək
gücündə deyil və faktlar gec-tez təbliğat üzərində üstünlük
qazanır.

