
Bakı. Trend:
“SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin
praktiki təlim mərhələsinə start verilir
Azercell-in dəstəyi ilə həyata keçirilən “SİMM – Süni
İntellektlə Müasir Məktəb” layihəsinin növbəti mərhələsinə start
verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris
prosesində səmərəli istifadə üzrə praktiki bacarıqlarının
inkişafına yönəlib.
28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər Bakı ilə
yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox
müəllim süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və
praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.
Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim proqramını
uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları
həmkarları ilə bölüşərək süni intellekt alətlərinin tədris
prosesində daha geniş tətbiqinə dəstək olacaqlar. Bu model layihə
çərçivəsində əldə olunan biliklərin daha geniş müəllim
auditoriyasına çatdırılmasına imkan verəcək.
Layihənin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri
nəticələr qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən üç müəllim
xüsusi mükafatlarla təltif olunacaq.
Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan
“Azercell Telekom” MMC süni intellekt texnologiyalarının tətbiqi və
inkişafı üzrə fəaliyyətini “Azərbaycan Respublikasının 2025–2028-ci
illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş
prioritetlərə uyğun olaraq genişləndirməyə davam edəcək.

