Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin
olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul
edib.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet
saytında dərc edilib.

Dmitri Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim
etdi.

Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev
Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi
böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də
BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası
Dialoq Forumunun təşkil ediləcəyini dedi.

Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və “orta güc”
dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini
vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya
Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda
“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz
yaşayış məskənləri üçün mükəmməllik standartlarının
müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə
Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi
tədbirinin də olacağını qeyd etdi.

Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının
fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına
BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi,
bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində
aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.

Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu
məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır
olduğunu dedi.

Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı,
ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident
İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına
baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl
fəaliyyətini davam etdirdiyini vurğuladı.

Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi,
BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin
keçirilməsinin planlaşdırıldığını qeyd etdi.

Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji
mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin
aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər
də müzakirə olundu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir