
Bakı. Trend:
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri
son illərdə yeni mərhələyə qədəm qoyub. Bakı artıq yalnız Cənubi
Qafqazın mühüm aktoru kimi deyil, Mərkəzi Asiya, Çin və Avropa
arasında əlaqələrin qurulmasında mühüm rol oynayan ölkə kimi də
diqqət çəkir. Prezident İlham Əliyevin Bişkekdə “ŞƏT plyus”
formatında keçirilən görüşdə iştirakı bu əməkdaşlığın artan
əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Azərbaycanın ŞƏT üçün əhəmiyyətini müəyyən edən əsas amillərdən
biri onun əlverişli coğrafi mövqeyidir. Ölkə Xəzər dənizi
vasitəsilə Mərkəzi Asiyaya, Qafqaz üzərindən Türkiyə və Avropaya,
cənub istiqamətində isə Yaxın Şərqə çıxış imkanlarına malikdir. Bu
xüsusiyyət Azərbaycanı Avrasiyanın müxtəlif iqtisadi məkanlarını
birləşdirən mühüm nəqliyyat halqasına çevirir.
Bu baxımdan Orta Dəhlizin rolu xüsusilə böyükdür. Çin və Mərkəzi
Asiyadan gələn yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, daha
sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılması üçün
Bakı əsas tranzit mərkəzlərindən biridir. Ələt Beynəlxalq Dəniz
Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin geniş
avtomobil və dəmir yolu infrastrukturu bu marşrutun imkanlarını
artırır”, – o bildirib.
Onun sözlərinə görə, ŞƏT ölkələri üçün bu marşrutların
əhəmiyyəti yalnız ticarətin sürətləndirilməsi ilə məhdudlaşmır.
“Qlobal logistika sistemində alternativ və etibarlı nəqliyyat
xətlərinin yaradılması getdikcə daha böyük strateji əhəmiyyət
qazanır. Bu baxımdan Azərbaycan Şərq-Qərb əlaqələrinin inkişafında
ŞƏT ölkələrinin istifadə edə biləcəyi mühüm platformalardan birinə
çevrilir”, – o politoloq bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri
ilə münasibətlərinin sürətli inkişafı da bu prosesə əlavə imkanlar
yaradır.
“Bakı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər
region ölkələri ilə nəqliyyat, enerji, ticarət və investisiya
sahələrində əməkdaşlığı genişləndirir. Xəzər dənizi isə bu
əlaqələrin əsas coğrafi körpülərindən biridir.
Prezident İlham Əliyevin Bişkekdəki çıxışı Azərbaycanın regional
proseslərə yanaşmasının daha geniş çərçivəsini də ortaya qoydu.
Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərində uzunmüddətli
münaqişənin başa çatdığını və Cənubi Qafqazın sülh zonasına
çevrilməkdə olduğunu vurğuladı. Bu proses nəqliyyat
kommunikasiyalarının açılması baxımından da yeni imkanlar yaradır”,
– o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan artıq Ermənistan
istiqamətində neft məhsullarının tədarükünü həyata keçirir və
üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.
“Eyni zamanda Bakı Ermənistanla qarşılıqlı ticarətin
artırılması, məhsul nomenklaturasının genişləndirilməsi və yeni
yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində
işləyir. Bu isə gələcəkdə Cənubi Qafqazın regional ticarət
xəritəsində rolunu daha da gücləndirə bilər.
Burada Zəngəzur istiqamətinin də xüsusi əhəmiyyəti var. Yeni
nəqliyyat bağlantılarının formalaşması Orta Dəhlizin imkanlarını
genişləndirə, Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə və Avropa
bazarlarına daha səmərəli çıxışını təmin edə bilər. Beləliklə,
Azərbaycan yalnız mövcud tranzit marşrutlarının iştirakçısı deyil,
Avrasiyanın gələcək nəqliyyat arxitekturasının formalaşmasında fəal
tərəf kimi çıxış edir”, – A.Qarayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ŞƏT üçün əhəmiyyəti
nəqliyyatla yanaşı enerji sahəsində də artır.
“Xəzər regionunun enerji resurslarının dünya bazarlarına
çıxarılması, elektrik enerjisi və bərpaolunan enerji layihələri
üzrə əməkdaşlıq, həmçinin Mərkəzi Asiya ilə enerji bağlantılarının
inkişaf etdirilməsi Bakı ilə ŞƏT ölkələri arasında yeni əməkdaşlıq
istiqamətləri yaradır.
Bu mənada Azərbaycanın ŞƏT məkanına yaxınlaşması birtərəfli
proses deyil. Bakı təşkilatın üzv və tərəfdaş ölkələri üçün
Avropaya çıxış imkanlarını genişləndirən strateji tərəfdaş, ŞƏT
üçün isə Avrasiya məkanında mühüm nəqliyyat və enerji bağlantısı
rolunu oynayan ölkə kimi mövqeyini möhkəmləndirir.
Bişkekdə keçirilən “ŞƏT plyus” görüşü də göstərdi ki,
Azərbaycanın təşkilatla münasibətləri yalnız siyasi dialoq
səviyyəsində qalmır. Nəqliyyat, ticarət, enerji və regional
təhlükəsizlik sahələrində qarşılıqlı maraqlar Bakının ŞƏT məkanında
əhəmiyyətini getdikcə artırır. Azərbaycanın əsas üstünlüyü isə onun
coğrafi mövqeyini real iqtisadi və nəqliyyat layihələrinə çevirə
bilməsidir”, – politoloq əlavə edib.

