“Yuxarı Vəng” və “Zar” SES-lərində elektrik enerjisi istehsalı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İstismara verildiyi tarixdən bu ilin avqustun 1-dək “Yuxarı
Vəng” Su Elektrik Stansiyasında (SES) 60,1 milyon kVt·st, “Zar”
kiçik Su Elektrik Stansiyasında (KSES) isə 4,6 milyon kVt·st
elektrik enerjisi istehsal edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

2024-cü ilin 2 sentyabr tarixində Kəlbəcər rayonunda Tərtər çayı
üzərində yerləşən 22,5 MVt-lıq “Yuxarı Vəng” Su Elektrik Stansiyası
və Zar çayı üzərində yerləşən 4,3 MVt-lıq “Zar” kiçik Su Elektrik
Stansiyası istismara verilib.

“İşğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı
bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə
yanaşı, “yaşıl enerji” istehsalının artmasına, bu ərazilərdə
dayanıqlı və ekoloji təmiz şəhər mühitinin formalaşmasına şərait
yaradır”, – məlumatda bildirilib.

Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji
sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr
həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı
dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir.
Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group
Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və
külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya
layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində
yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni
istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı
azaldaraq daha çox qazın ixracına imkan verəcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu
layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji
balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43
faizə çatdırılması nəzərdə tutulur.




Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar
arasında yeni enerji və investisiya platformasının
formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir.
Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi
Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. “Azərbaycan,
Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini
birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması
ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər
dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji
körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş
imkanlar yaradır”, – deyə Pərviz Şahbazov vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən “Green Corridor
Alliance” birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya
İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının
maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini
əlaqələndirir. Bununla yanaşı, “Xəzər–Qara dəniz–Avropa” Yaşıl
Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və
Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları
üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib
ki, “yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini
formalaşdırır” və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm
də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional
iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə
eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya
arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha
mühüm rol oynayır.

“Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil,
həm də regional enerji bağlantılarının və yaşıl enerji
dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən
külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini
gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da
əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Cavid Abdullayev
vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı,
yeni elektrik ötürücü xətlərin yaradılması və “Xəzər–Qara
dəniz–Avropa” yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində rolunu daha da
gücləndirəcək.

”Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri
qazandırmaqla yanaşı, daxili enerji balansının
optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha
çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq”, – deyə
o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir