
Bakı. Trend:
Humanitar minatəmizləmə Böyük Qayıdışın fundamental, yəni təməl
əsasıdır. Əgər minatəmizləmə həyata keçirilməsəydi, nə yolların
çəkilməsi, nə infrastrukturun yaradılması, nə yaşayış
məntəqələrinin bərpası, nə də vətəndaşlarımızın işğaldan azad
edilmiş ərazilərə təhlükəsiz qayıdışının təmin edilməsi mümkün
olardı.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
O bildirib ki, minatəmizləmə ilk növbədə vətəndaşların
təhlükəsiz qayıdışının təmin edilməsinin əsas şərtidir.
“Azərbaycan minatəmizləmə prosesinə böyük diqqət və həssaslıqla
yanaşaraq bu işi həyata keçirməyə başladı və nəticələr göz
qabağındadır. Bu gün artıq 300 min hektar, yəni 3 min
kvadratkilometr ərazinin minalardan təmizləndiyinin şahidiyik. Bu,
əlbəttə ki, olduqca mühüm və qürurverici nəticədir”, – deputat
bildirib.
Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycanın öz ərazilərini
minalardan təmizləməsi faktiki olaraq ikinci müharibəyə – “mina
müharibəsi”nə qarşı mübarizə aparması deməkdir.
“Mina problemi sadəcə humanitar problem deyil. Bu, həm
təhlükəsizlik, həm humanitar, həm də inkişaf problemidir.
Birincisi, söhbət dövlətin öz ərazisində təhlükəsizliyi təmin
etməsindən gedir. İkincisi, minalar vətəndaşlarımızın həyatına
birbaşa təhlükə yaratdığına görə ciddi humanitar problemdir və bu
problem hələ də davam edir. Üçüncüsü isə bu, inkişaf problemidir.
İşğaldan azad edilmiş ərazilərimizdə inkişafı təmin etmək və Böyük
Qayıdışı həyata keçirmək üçün ilk növbədə mina təhlükəsi aradan
qaldırılmalıdır”, – o deyib.
Deputat vurğulayıb ki, minatəmizləmə prosesi başlayarkən onun
sürətinin işğaldan azad edilmiş ərazilərin inkişaf sürəti ilə
birbaşa əlaqəli olduğu aydın idi:
“Ərazilərimizi minalardan nə qədər tez təmizləyə bilsək, dövlət
xidmətlərini, iş yerlərini, istehsal müəssisələrini və
vətəndaşlarımızı işğaldan azad olunmuş ərazilərimizə bir o qədər
tez qaytara bilərik. Burada minatəmizləmənin sürəti ilə inkişafın
və Böyük Qayıdışın sürəti paralel şəkildə müəyyənləşir. Azərbaycan
dövləti və onun yaratdığı müvafiq qurumlar bu mühüm vəzifənin
öhdəsindən layiqincə gəlirlər”.
Hikmət Babaoğlu Ermənistanın təqdim etdiyi mina xəritələrinin
qeyri-dəqiq və natamam olmasının minatəmizləmə prosesini ciddi
şəkildə çətinləşdirdiyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, dəqiq mina xəritələrinin olmaması bir neçə
istiqamətdə əlavə problemlər yaradır.
“Birincisi, bu, humanitar məsələdir. Minaların axtarılıb
tapılması zamanı minatəmizləyənlərin həyatı üçün əlavə təhlükə
yaranır. İkincisi, xərc və maliyyə məsələsidir. Xəritələr olmadıqda
minaların axtarışı daha çox maliyyə və texniki resurs tələb edir.
Üçüncüsü isə zaman məsələsidir. Xəritələr olmadıqda minaların
tapılması və zərərsizləşdirilməsi üçün daha uzun müddət tələb
olunur”, – deputat qeyd edib.
O bildirib ki, Azərbaycan mina xəritələrinin təqdim olunmasını
Ermənistandan israrla tələb etsə də, təqdim olunan xəritələr ya
qeyri-dəqiq olub, ya da müəyyən ərazilərlə bağlı müvafiq məlumatlar
ümumiyyətlə verilməyib.
“Ermənistan tərəfi bunu müxtəlif arqumentlərlə əsaslandırmağa
çalışırdı. Ancaq bütün hallarda təqdim olunan xəritələrin də
qeyri-dəqiq olduğu ortaya çıxırdı. Bu isə minatəmizləmə işlərini
daha da çətinləşdirirdi. Bunun ağır humanitar nəticələri də oldu.
Çoxsaylı Azərbaycan vətəndaşları mina partlayışları nəticəsində
həyatlarını itirdilər və ya müxtəlif dərəcəli xəsarətlər alaraq
fiziki məhdudiyyətlərlə üzləşdilər. Hesab edirəm ki, bu,
Ermənistanın qeyri-humanitar davranışının nəticələrindən biridir”,
– Hikmət Babaoğlu bildirib.
Deputat vurğulayıb ki, mina təhlükəsinin aradan qaldırılması
yalnız keçmiş məcburi köçkünlərin qayıdışı üçün deyil, işğaldan
azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirən
insanların təhlükəsizliyi baxımından da həyati əhəmiyyət
daşıyır.
“Mina təhlükəsinin aradan qaldırılması Böyük Qayıdış üçün əsas
yaradan, tikinti, kommunikasiya və bərpa işlərini həyata keçirən
vətəndaşlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir.
İnfrastruktur layihələrinin həyata keçirilməsinə cəlb edilən insan
resurslarının, texnika və avadanlıqların təhlükəsizliyinin təmin
edilməsi üçün bu, zəruri addımdır. Artıq bu istiqamətdə böyük
həcmdə iş görülüb və keçmiş məcburi köçkünlərimizin öz torpaqlarına
təhlükəsiz şəkildə qayıtması üçün əsas yaradılıb”, – o deyib.
Hikmət Babaoğlu qeyd edib ki, hər bir vətəndaş öz dövlətindən
təhlükəsizliyinin təmin olunmasını gözləməkdə haqlıdır və
Azərbaycan dövləti bu öhdəliyi layiqincə yerinə yetirir.
“Əgər keçmiş məcburi köçkünlərimizdə öz tarixi torpaqlarına
qayıdarkən mina təhlükəsi ilə bağlı ciddi qorxu və dövlətə qarşı
inamsızlıq olsaydı, əlbəttə, proses daha ləng gedə bilərdi. Ancaq
Azərbaycan vətəndaşı onun təhlükəsizliyinin təmin edilməsi
istiqamətində dövlətin gördüyü işləri praktikada görür. Bu da
vətəndaşlarımızın Böyük Qayıdış prosesində daha inamlı və
qətiyyətli iştirakını təmin edir”, – deputat əlavə edib.
Onun sözlərinə görə, minatəmizləmənin əhəmiyyəti yalnız
insanların məskunlaşdırılması ilə məhdudlaşmır. Bu proses Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bütün
digər proseslər üçün multiplikativ effekt yaradır.
“Bir sahə digərinə, digər sahə isə növbəti sahəyə təsir etməklə
bütöv bir təhlükəsizlik zənciri yaranır. Əvvəlcə vətəndaşların
təhlükəsizliyi təmin edilir, sonra iqtisadi layihələrin həyata
keçirilməsi üçün təhlükəsiz şərait formalaşdırılır, həmin
layihələrin icrasına cəlb edilən insanların, texnika və
avadanlıqların təhlükəsizliyi təmin olunur. Buraya enerji
təhlükəsizliyi, su təhlükəsizliyi və digər istiqamətlər də
daxildir. Bütün bunlar bir-biri ilə sıx bağlıdır”, – Hikmət
Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, kənd təsərrüfatı torpaqlarının
becərilməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti və enerji
layihələrinin həyata keçirilməsi kimi strateji məsələlər də birbaşa
minatəmizləmə ilə əlaqəlidir.
“Artıq Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı kiçik su elektrik
stansiyaları tikilib. Bu istiqamətdə nəinki yerli tələbatı
ödəyəcək, hətta ixrac potensialının formalaşmasına imkan verəcək
imkanlar yaranır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda, o
cümlədən Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihələri
həyata keçirilir. Mal-qaranın sərbəst hərəkəti və kənd təsərrüfatı
fəaliyyətinin həyata keçirilməsi üçün təhlükəsizliyin təmin
olunması aqrar sektorun inkişafına böyük töhfə verməyə başlayıb”, –
o qeyd edib.
Hikmət Babaoğlu bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda
yetişdirilən müxtəlif kənd təsərrüfatı məhsullarının artıq ölkənin
ticarət şəbəkələrində satışa çıxarılması həmin ərazilərdə iqtisadi
proseslərin real nəticələrindən biridir.
“Eyni zamanda Şərqi Zəngəzur və Qarabağa həm yerli, həm də
xarici investisiyaların daxil olduğunu müşahidə edirik. Özbəkistan
tərəfindən Xankəndidə istehsal müəssisəsinin yaradılması, yerli
sahibkarların müxtəlif bölgələrdə, o cümlədən Laçında istehsal
müəssisələri qurması, sənaye parklarının yaradılması birbaşa və ya
multiplikativ formada minatəmizləmə ilə bağlıdır”, – deputat
deyib.
Onun fikrincə, buna görə minatəmizləmədə yalnız keyfiyyət deyil,
sürət də xüsusi strateji əhəmiyyət daşıyır.
“Minatəmizləmənin sürəti iqtisadi inkişafın sürətini müəyyən
edir. Minatəmizləmədə nə qədər geciksəydik, iqtisadi layihələrin
həyata keçirilməsində də bir o qədər gecikə bilərdik. Ona görə
burada yalnız keyfiyyət deyil, sürət də çox vacibdir. Qarşıda yeni
tarixi mərhələ var. Bu, Şərqi Zəngəzurdan Qərbi Zəngəzura keçidlə
müşahidə olunacaq və daha çox investisiyanın cəlb edilməsinə imkan
yaradacaq bir mərhələdir. Hesab edirəm ki, bu istiqamətdə də mühüm
addımlar atılmaqdadır”, – o bildirib.
Hikmət Babaoğlu minatəmizləmə prosesinin sürətləndirilməsində
innovativ texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığını
qeyd edib.
“Minatəmizləmə sadəcə xüsusi qurğular və ya xüsusi təlim keçmiş
itlər vasitəsilə həyata keçirilən proses deyil. Azərbaycan prosesi
sürətləndirmək üçün minatəmizləmə sahəsində tətbiq edilən ən müasir
texnologiyalardan istifadə etməyə başladı. Bunun ən bariz
nümunələrindən biri mexaniki minatəmizləmə maşınlarının tətbiqidir.
Bu texnika daha geniş ərazilərdə və daha sürətli şəkildə
minatəmizləmə işlərinin aparılmasına imkan verir”, – deputat
deyib.
O bildirib ki, mürəkkəb relyef mexaniki vasitələrin bütün
ərazilərdə istifadəsinə imkan vermədiyindən digər innovativ
texnologiyaların tətbiqi də zərurətə çevrilib.
“Belə maşınların hərəkəti üçün hər ərazi relyef baxımından uyğun
deyil. Buna görə Azərbaycan pilotsuz uçuş aparatları və digər
innovativ texnologiyaların imkanlarından da istifadə etməyə
başladı. Bu, geniş ərazilərin mina təhlükəsindən təmizlənməsinin
sürətləndirilməsi baxımından yeni və mühüm istiqamətlərdən
biridir”, – Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda minatəmizləmə prosesinin
digər bərpa və inkişaf prosesləri ilə inteqrativ şəkildə həyata
keçirilməsi minatəmizləmə və qayıdış üzrə özünəməxsus Azərbaycan
modelinin yaranmasına gətirib çıxarıb.
“Azərbaycanda minatəmizləmə prosesi digər proseslərlə inteqrativ
şəkildə həyata keçirildi. Enerji təchizatının yaradılması,
infrastrukturun formalaşdırılması, evlərin və yaşayış
məntəqələrinin yaşayış üçün hazırlanması paralel və sürətli şəkildə
aparıldı. Ancaq bütün bunların önündə yenə minatəmizləmə dayanırdı.
Bütün proseslər bir-biri ilə inteqrasiya edilmiş, koordinasiyalı
şəkildə və uyğun ardıcıllıqla həyata keçirildi. Bu isə özünəməxsus
Azərbaycan modelini yaratmış oldu”, – o vurğulayıb.
Hikmət Babaoğlunun sözlərinə görə, bu modelin unikallığını
şərtləndirən mühüm xüsusiyyətlərdən biri onun sərt və mürəkkəb
relyef şəraitində tətbiq edilməsidir.
“Qarabağ və Şərqi Zəngəzur coğrafiyasının mühüm hissəsini
dağətəyi və dağlıq ərazilər təşkil edir. Buna görə də hər bir
relyefə uyğun xüsusi metodların tətbiq olunması zərurəti yaranırdı.
Bu, prosesin həm metodoloji, həm də texniki baxımdan
modelləşdirilməsi üçün vacib idi. Azərbaycan bu mürəkkəb şəraitdə
öz modelini formalaşdırdı və praktik şəkildə tətbiq etdi”, –
deputat bildirib.
O qeyd edib ki, Azərbaycanın bu sahədə topladığı təcrübə digər
münaqişə və postmünaqişə regionları üçün də əhəmiyyətli ola
bilər.
“Azərbaycan sadəcə model təqdim edən ölkə deyil, həm də bu
modeli tətbiq və icra edən ölkə təcrübəsinə malikdir. Bizim
çoxsaylı minatəmizləyənlərimiz, mütəxəssislərimiz, mühəndislərimiz,
müasir və innovativ texnologiyalardan istifadə etməyi bacaran
peşəkarlarımız var. Bu, dünyanın müxtəlif coğrafiyalarında
Azərbaycan modelinin həm nəzəri, həm də praktiki tətbiqi üçün
imkanlar yaradır”, – o deyib.
Hikmət Babaoğlu minatəmizləmənin davamlı inkişaf məqsədlərinin
həyata keçirilməsində də fundamental rol oynadığını bildirib.
Deputat bu kontekstdə “dayanıqlı inkişaf” anlayışının Azərbaycan
dilində “davamlı inkişaf” kimi ifadə edilməsini daha doğru hesab
etdiyini də diqqətə çatdırıb.
“Mənə elə gəlir ki, “dayanıqlı inkişaf” ifadəsindəki “dayanıqlı”
sözü anlayışın mahiyyətini tam ifadə etmir. “Dayanmaq” statik məna
daşıyır, “davam etmək” isə hərəkəti və prosesin fasiləsizliyini
ifadə edir. Buna görə də hesab edirəm ki, bunu “davamlı inkişaf”
adlandırmaq daha doğru olardı. Çünki söhbət uzunmüddətli məqsədlərə
xidmət edən inkişaf prosesindən gedir”, – deputat bildirib.
Onun sözlərinə görə, davamlı inkişaf üçün ərazi, ərazi
resursları, istehsal münasibətləri və əmək qabiliyyətli insanların
mövcudluğu vahid sistem daxilində təmin edilməlidir.
“Hər bir davamlı inkişafın olmazsa-olmaz şərtləri var. Ərazi,
ərazi resursları, istehsal münasibətləri və əmək qabiliyyətli
insanlar olmalıdır. Əmək və istehsal münasibətləri vahid
kombinasiyada fəaliyyət göstərməlidir. Bunun üçün isə yenə də
təhlükəsizlik şərtləri təmin olunmalıdır. Böyük Qayıdış həm işçi
qüvvəsinin qayıdışını təmin edir, həm də bütün coğrafiyanın yerli
iqtisadi potensialı ilə yeni texnologiyaların kombinasiyasını
zəruri edir”, – Hikmət Babaoğlu qeyd edib.
Deputat Ağdam Sənaye Parkında yaradılan istehsal imkanlarının,
eləcə də Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda formalaşdırılan
yeni iqtisadi mühitin bu yanaşmanın praktik nümunələri olduğunu
bildirib.
“Ağdam Sənaye Parkında yaradılan böyük istehsal imkanları, Şərqi
Zəngəzurda və Zəngilanda formalaşdırılan şərait davamlı inkişafın
ən müasir və səmərəli şəkildə tətbiqinin nümunələridir. Bütün
bunların həyata keçirilməsi üçün isə ilkin şərt təhlükəsizliyin
təmin edilməsidir”, – o deyib.
Hikmət Babaoğlu Azərbaycanın minatəmizləmənin böyük maliyyə
yükünü də öz üzərinə götürdüyünü vurğulayıb.
“Azərbaycan minatəmizləmənin maliyyə yükünü öz üzərinə götürdü
və bu, çox ciddi maliyyə yüküdür. İlk növbədə müvafiq
texnologiyaların əldə edilməsi lazım idi və bu, ayrıca maliyyə
tələb edirdi. Sonra kadr hazırlığının aparılması, minatəmizləmə
üzrə müvafiq qurumların yaradılması və onların fəaliyyətinin təmin
edilməsi zərurəti vardı. Bunun üzərinə beynəlxalq təcrübənin
öyrənilməsini də əlavə etsək, Azərbaycanın qısa müddətdə nə qədər
böyük həcmdə işin öhdəsindən gəldiyini görərik. Ən mühüm məqam isə
bütün bunların Azərbaycanın öz maliyyə imkanları hesabına həyata
keçirilməsidir”, – deputat bildirib.
Onun fikrincə, bu məqam Azərbaycanın güclü dövlət olmasının
göstəricilərindən biri kimi qiymətləndirilməlidir.
“Biz “güclü dövlət” deyərkən bunu da nəzərdə tutmalıyıq. Belə
vəziyyətlə üzləşən bəzi ölkələr iqtisadiyyatları üzərində
uzunmüddətli ağır yük yarada biləcək kreditlərə müraciət edir və
nəticədə başqa maliyyə mənbələrindən asılı vəziyyətə düşürlər.
Azərbaycan isə bunların heç birinə getmədi. Öz gücü və imkanları
hesabına bu ağır və mürəkkəb prosesi həyata keçirərək daha bir
nümunə yaratdı”, – o bildirib.
Hikmət Babaoğlu Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə
Konfransını Azərbaycanın həyata keçirdiyi humanitar diplomatiyanın
ən bariz nümunələrindən biri kimi qiymətləndirib.
“Azərbaycan bu platforma vasitəsilə həm üzləşdiyi mina
probleminin miqyasını və humanitar nəticələrini, həm də
postmünaqişə mərhələsində həyata keçirdiyi işləri bütün dünyaya
təqdim edir. Bununla bir neçə mühüm məqsədə nail olunur. Birincisi,
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun
yaratdığı nəticələr beynəlxalq ictimaiyyətin diqqətinə bir daha
çatdırılır. İkincisi, Azərbaycanın tarixi Zəfəri və torpaqlarını
işğaldan azad etməsi faktı xatırladılır. Beynəlxalq ictimaiyyət bir
daha görür ki, Azərbaycan uzun illər hansı təhlükələrlə və işğalın
hansı ağır nəticələri ilə üzləşib”, – deputat deyib.
Onun sözlərinə görə, konfrans mina probleminin beynəlxalq
humanitar təşkilatların diqqətinə çatdırılması və Azərbaycanın
mövqeyinin qlobal informasiya məkanında təqdim edilməsi baxımından
da mühüm əhəmiyyət daşıyır.
“Buna görə düşünürəm ki, bu tədbirə sadəcə minatəmizləmə
konfransı kimi deyil, Azərbaycanın mühüm humanitar diplomatiya
platforması kimi yanaşılmalıdır”, – Hikmət Babaoğlu vurğulayıb.
Deputat bildirib ki, dünyada davam edən münaqişə və müharibələr
fonunda Azərbaycanın postmünaqişə təcrübəsi beynəlxalq əhəmiyyət
daşıyır.
“Dünyada çoxsaylı münaqişələr və müharibələr davam edir.
Müharibələr bir gün başa çatır və postmüharibə mərhələsi başlayır.
Müasir müharibələrin ağır nəticələrindən biri isə ərazilərin
minalarla çirkləndirilməsidir. Müharibə bitdikdən sonra mina
təhlükəsi insanların həyatına, qayıdışa, bərpaya və inkişafa mane
olan əsas problemlərdən biri kimi qalır. Burada Azərbaycan
təcrübəsi mütləq öyrənilməli olan bir təcrübədir”, – o
bildirib.
Hikmət Babaoğlu Azərbaycanın bu istiqamətdə beynəlxalq
təşkilatlarla əməkdaşlığa açıq olduğunu da vurğulayıb.
“Təhlükəsizlik məsələsində dünyanın ən böyük beynəlxalq
təşkilatı Birləşmiş Millətlər Təşkilatıdır və onun Təhlükəsizlik
Şurasıdır. Bununla yanaşı, humanitar hüquq və humanitar məsələlər
üzrə ixtisaslaşmış çoxsaylı beynəlxalq təşkilatlar mövcuddur.
Azərbaycan bu təşkilatların hər biri ilə əməkdaşlıq edir və
əməkdaşlığa hazırdır. Çünki təhlükəsizlik bu gün dünyanın bir
nömrəli problemlərindən biridir”, – deputat qeyd edib.
Onun sözlərinə görə, təhlükəsizlik anlayışı yalnız hərbi və mina
təhlükəsizliyi ilə məhdudlaşmır.
“Buraya mina təhlükəsizliyi, dövlətlərin təhlükəsizliyi, insan
hüquqlarının qorunması və beynəlxalq hüquqa uyğun olaraq hər bir
insanın doğulduğu yerdə təhlükəsiz şəraitdə yaşamaq hüququ
daxildir. Bütün bunlar Azərbaycanın beynəlxalq təşkilatlarla
təhlükəsizlik sahəsində əməkdaşlığını zəruri edir”, – o deyib.
Hikmət Babaoğlu bildirib ki, gələcəyin təhlükəsizlik
konsepsiyasından danışarkən Azərbaycanın işğaldan azad edilmiş
ərazilərdə yaratdığı təcrübəyə daha geniş kontekstdə yanaşmaq
lazımdır.
“Gələcəyin təhlükəsizlik konsepsiyası sadəcə hərbi və ya mina
təhlükəsizliyi məsələsi deyil. Təhlükəsizlik həm də təbii
hadisələrə qarşı təhlükəsiz yaşamaq, rahat və komfortlu həyat
şəraitinə malik olmaq, müasir texnologiyaların gətirdiyi ağıllı
inşaat konsepsiyalarından istifadə etməklə vətəndaşın həyatını daha
rahat və rifahlı etməkdir”, – deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə
başlanğıcdan etibarən “ağıllı kənd”, “ağıllı şəhər” və
özünəyetərlilik prinsiplərinə əsaslanan yanaşma seçib.
“Özünəyetərlilik iqtisadi və maliyyə təhlükəsizliyinin əsas
mənbələrindən biridir. Bununla yanaşı, ekoloji təhlükəsizlik
məsələləri də Azərbaycanda nəzərə alınıb. Yaşıl enerji vasitələri
ilə enerji tələbatının təmin olunması ekoloji təhlükəsizliyin
əvvəlcədən nəzərə alınmasının göstəricisidir”, – Hikmət Babaoğlu
qeyd edib.
Deputat bildirib ki, gələcəyin təhlükəsizlik konsepsiyasında
ərzaq və kənd təsərrüfatı təhlükəsizliyi də xüsusi yer tutur.
“Ekoloji təhlükəsizlik, sağlam kənd təsərrüfatı məhsullarının
istehsalı, ərzaq təminatının gücləndirilməsi, yaşıl enerji, ağıllı
şəhər və kənd konsepsiyalarının tətbiqi vahid təhlükəsizlik
sisteminin elementləridir. Azərbaycan bütün bu istiqamətlərdə
zəngin və özünəməxsus təcrübə yaradıb. Bakı konfransında da bu
məsələlər müzakirə olundu və Azərbaycanın formalaşdırdığı təcrübə
beynəlxalq səviyyədə təqdim edildi”, – Hikmət Babaoğlu
yekunlaşdırıb.

