
Bakı. Trend:
“Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi
hesab oluna bilməz”.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti,
terapevt Günay İsmayılova açıqlayıb.
Onun sözlərinə görə, şirin və kofeinli içkilər bədənin maye
ehtiyacını qismən qarşılasa da, tərkibindəki maddələr səbəbindən
təmiz suyu əvəz etmirlər:
“Çay və qəhvədəki kofein sidikqovucu təsirə malikdir. Bədənə
maye daxil olsa da, eyni zamanda sürətlə xaric olur. Bu səbəbdən də
orqanizm susuzlaşır. Şirin içkilər və qazlı sular bədənə həddindən
artıq boş kalori və şəkər yükləyir. Bu isə piylənmə və tip 2
şəkərli diabet riskini kəskin artırır. Çayda yüksək miqdarda
oksalatlar var. Həddindən artıq çay qəbulu və susuzluq böyrəklərdə
daş yaranmasına yol açır”.
Mütəxəssis-ekspert bildirib ki, bol su qəbulu metabolizmi
sürətləndirir:
“Təmiz su bədəndə birbaşa sorulur, digər içkilər isə orqanizm
tərəfindən “qida” kimi qəbul edilir. Onların tərkibindəki maddələri
parçalamaq üçün qaraciyər və böyrəklər əlavə enerji sərf edir.
Hüceyrələrin təmizlənməsi və qidaları enerjiyə çevirməsi üçün
yalnız təmiz həllediciyə — yəni saf suya ehtiyacı var”.

