Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Qlobal investorlar üçün strateji platforma

Baş səhifə

Bakı. Trend:

Azərbaycan əlverişli coğrafi mövqeyi və iqtisadi sabitliyi ilə
regionun cəlbedici investisiya mərkəzlərindən birinə çevrilib.
Azərbaycanın Avropa və Asiya arasında yerləşən strateji mövqeyi
beynəlxalq şirkətlər üçün ölkəni yalnız daxili bazar kimi deyil,
həm də regional bazarlara çıxış platforması kimi cəlbedici edir.
Şirkətlər Azərbaycanda istehsal imkanları yaratmaqla Mərkəzi Asiya,
Cənubi Qafqaz və digər bazarlara daha səmərəli çıxış əldə edə
bilərlər.

Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas
amillərdən biri iqtisadi sabitlikdir. Ölkənin sabit iqtisadi mühiti
investor etimadını gücləndirir. Azərbaycan investorlara güclü
fiskal göstəricilər və iqtisadi siyasətlə dəstəklənən sabit və
dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları
Azərbaycanın ümumi daxili məhsulunu üstələyir. Bu il avqustun 1-nə
Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon
ABŞ dolları təşkil edib. Bu, ötən il avqustun 1-nə nisbətən 12,2 %
çoxdur. Bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da
möhkəmləndirir.

Bu sabit makroiqtisadi mühitlə yanaşı, Azərbaycanda investorlar
üçün yaradılan praktiki imkanlar da investisiya fəallığının
artmasına şərait yaradır. Bu istiqamətdə Azərbaycanın investisiya
mühitinin daha da gücləndirilməsi baxımından son dövrdə qəbul
edilmiş qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və
daşıma xərclərinin dəstəklənməsi ilə bağlı fərman, sahibkarlıq
subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası
mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də strateji investisiya
layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və
qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə
Komissiyanın yaradılması haqqında normativ-hüquqi sənədlər xüsusi
əhəmiyyət daşıyır. Bu sənədlər bir-birini tamamlayaraq investor və
sahibkar üçün daha əlverişli biznes mühitinin formalaşdırılmasına,
ixrac zamanı yaranan xərclərin azaldılmasına, maliyyə resurslarına
çıxışın daha da asanlaşdırılmasına və strateji layihələrin daha
çevik həyata keçirilməsinə xidmət edir. Bu isə Azərbaycanın həm
yerli, həm də xarici investorlar üçün daha rəqabətqabiliyyətli və
proqnozlaşdırılan investisiya məkanı kimi mövqeyini
gücləndirir.

Yaradılmış bu imkanlar sırasında sənaye zonaları xüsusilə qeyd
edilməlidir. Sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes
və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif
dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati
dəstəklə yanaşı vergi və gömrük güzəştləri, eləcə də hazır
infrastrukturla təminat təklif olunur. Sənaye parklarının
rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak
vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən,
istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il
müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında
dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı
rezidentlərə hazır infrastruktura sürətli qoşulma” (“Plug & Play”)
yanaşması əsasında təklif olunur. Dövlət vəsaiti hesabına
yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini
birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan
yaradır.

Azərbaycan qlobal investisiyalar üçün yeni imkanlar
açıb

Bu istiqamətdə ölkənin investisiya imkanlarının beynəlxalq
investorlar üçün təqdim edilməsi baxımından ötən il keçirilmiş
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm əhəmiyyət daşıyıb.
2025-ci il sentyabrın 22–23-də Prezident İlham Əliyevin himayəsi
altında keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu
“Parçalanmış qlobal iqtisadiyyatda Şərq–Qərb, Şimal–Cənub
əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr olunmuşdu. Forumun
əsas məqsədi Azərbaycanın investisiya imkanlarını beynəlxalq
investorlar qarşısında təqdim etmək, dövlət və özəl sektor arasında
əməkdaşlığı daha da genişləndirmək, həmçinin yeni kapital və
strateji tərəfdaşlıqlar üçün platforma yaratmaq idi. Forum
çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan
investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan
ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə
layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. İmzalanmış
sənədlər və formalaşan yeni tərəfdaşlıqlar Forumun investisiya
dialoqu üçün praktik platforma rolunu gücləndirdi.




Azərbaycan yeni investisiya imkanlarının
astanasında

Birinci forumun yaratdığı əməkdaşlıq mühiti və əldə olunan
razılaşmalar fonunda Azərbaycan artıq növbəti Beynəlxalq
İnvestisiya Forumuna hazırlaşır. II Azərbaycan Beynəlxalq
İnvestisiya Forumu 25–26 sentyabr 2026-cı ildə Bakıda keçiriləcək.
Bu isə forumun birdəfəlik tədbir deyil, institusional xarakter alan
və Azərbaycanın uzunmüddətli investisiya strategiyasının mühüm
platformasına çevrilən genişmiqyaslı, strateji proqram olduğunu
göstərir. Forum yeni layihələrin təqdimatını həyata keçirmək,
regional əməkdaşlığı genişləndirmək və Azərbaycanın Şərq ilə Qərb
arasında iqtisadi körpü rolunu praktik layihələr vasitəsilə nümayiş
etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun
institusional əsasları da gücləndirilir

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Forumun Təşkilat
Komitəsi yaradılıb. Komitənin tərkibinə xarici işlər, maliyyə,
mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və
təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika
nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil
edilib.

İqtisadiyyat Nazirliyi Təşkilat Komitəsinin Katibliyi
funksiyasını həyata keçirəcək. Sərəncamda qeyd olunub ki,
Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq
səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha
da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi,
qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və
ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi
dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet
istiqamətlərindəndir.

Beləliklə, Təşkilat Komitəsinin yaradılması Forumun tədbirdən
daha çox, Azərbaycanın investisiya siyasətinin beynəlxalq səviyyədə
təqdimatına xidmət edən davamlı platformaya çevrilməsi
istiqamətində institusional addım kimi qiymətləndirilə bilər.
2025-ci ildə qurulan əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və
yeni investorların cəlb olunması baxımından ikinci Forumun
keçirilməsi Azərbaycanın investisiya strategiyasında mühüm
hadisələrdən biri olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir