
Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə
Baş İdarəsi (KMBİ) Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA)
“Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə etmək və
vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirmək niyyətində
olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat-texniki
tədbirlər həyata keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində qeyd edilən
qanunsuz əməlləri törətməkdə şübhəli bilinən 33 yaşlı Günay
Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək
saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər
müxtəlif süni intellekt proqramlarından istifadə etməklə
vətəndaşlarda güzəştli mənzillərin növbədənkənar əldə edilməsini
təşkil edə biləcəkləri barədə həqiqətə uyğun olmayan təsəvvür
yaradıblar.
Onlar bu məqsədlə MİDA-nın adından saxta elektron alqı-satqı və
ipoteka müqavilələri hazırlayaraq həmin sənədləri vətəndaşlara
təqdim ediblər.
Məlumata görə, saxta sənədlər vətəndaşlara 1000 manatdan 9000
manatadək dəyişən məbləğlər müqabilində təqdim olunub və nəticədə
onların pul vəsaitləri ələ keçirilib.
Əməliyyat tədbirləri çərçivəsində Şükufə Mirzəyevanın yaşadığı
mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd
saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi
aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı KMBİ-də Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Günay
Lətifova və Şükufə Mirzəyeva təqsirləndirilən şəxs qismində
istintaqa cəlb ediliblər.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan
tədbiri seçilib.
Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən
digər vətəndaşların müəyyənləşdirilməsi, dəymiş maddi ziyanın ümumi
məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların
araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
DİN və MİDA vətəndaşlara güzəştli mənzillərin əldə edilməsi ilə
bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etmələri barədə
xəbərdarlıq edib.
Qeyd olunub ki, vətəndaşlar növbədənkənar mənzil satışı və ya
prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə
inanmamalıdırlar.
Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda
dərhal polisə məlumat vermələri tövsiyə olunur.

