
Bakı.Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO üzvü olan ölkəsinin
Çin və Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku — Şanxay
Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini daha yüksək
səviyyəyə qaldırmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu
bildirib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Prezidentin sözlərinə görə, Bişkekdə keçirilmiş ŞƏT sammiti
Türkiyənin iqtisadi, siyasi və strateji seçimlərini şaxələndirmək
iradəsinin konkret göstəricisi olub.
“Türkiyə olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə
ikitərəfli ticarət və iqtisadi əlaqələrimiz var. Çindən Mərkəzi
Asiyaya, Rusiyadan Cənubi Asiyaya qədər uzanan geniş coğrafiyada
Türkiyənin ticarət və iqtisadi baxımdan böyük imkanlara malik
olduğunu artıq hər kəs görür”, – deyə o bildirib.
Ərdoğan bildirib ki, təşkilatla münasibətlərdə çoxşaxəli xarici
siyasət anlayışının təzahürü kimi son illərdə mühüm irəliləyişlər
əldə olunub.
“Türkiyə həm Qərb, həm də Şərqlə balanslaşdırılmış münasibətlər
inkişaf etdirə bilən, əlaqələrini də bu ölçüdə dərinləşdirə bilən
bir ölkədir. Türkiyənin bu yanaşması qlobal problemlərə əməkdaşlıq
və səmərəli çoxtərəflilik əsasında həll yolları tapmaq məqsədini də
gücləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin
qarşıdakı dövrdə daha yüksək səviyyəyə çatdırılması da bizim üçün
mümkündür. Bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm.
Türkiyənin təşkilata üzvlük perspektivi heç bir halda hansısa
blokdan ayrılmaq və ya Qərbə arxa çevirmək anlamına gəlmir.
Məqsədimiz 360 dərəcəlik baxışla öz nüfuzumuzu artırmaqdır”, – deyə
Ərdoğan vurğulayıb.

