Səhiyyə Nazirliyinin eksperti isti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

“İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar
xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs
sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha
təhlükəlidir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti,
terapevt Günay İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan
təzyiqini qəfil qaldırır və infarkt riskini artırır:

“Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma
tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki
xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur
tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də
hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha
təhlükəli hesab edilir”.




G. İsmayılova qeyd edib ki, meteohəssas insanlar üçün də hava
temperaturunun dəyişməsi təhlükəli ola bilər:

“Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren,
oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da
ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini
zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin
yaradır”.

Terapevt bildirib ki, insan sağlamlığının hava dəyişikliklərinə
reaksiyası və ümumi dözümlülüyü əsasən dörd mühüm faktordan
asılıdır:

“Əsas faktorlardan biri bioloji və genetik faktordur. Yaş, cins
və xroniki xəstəliklərin olması bədənin adaptasiya gücünü birbaşa
təyin edir. Həyat tərzi və vərdişlər də çox önəmlidir. Aktiv
hərəkət, zərərli vərdişlərdən (tütün, spirtli içki) uzaq olmaq və
balanslı qidalanma immuniteti gücləndirir. Psixoloji və emosional
vəziyyətin də orqanizmin hava dəyişikliklərinə reaksiyası və ümumi
dözümlülüyündə rolu böyükdür. Stress və yuxusuzluq sinir sistemini
zəiflədir və havanın mənfi təsirlərinə qarşı bədəni müdafiəsiz
qoyur. Yaşadığınız yerin rütubət dərəcəsi, havanın çirklilik
səviyyəsi və ani atmosfer təzyiqi dəyişmələri də bədənə birbaşa
təsir edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir