“Toğanalı” KSES-də elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Ümumi gücü 4,1 MVt olan “Toğanalı” kiçik Su Elektrik
Stansiyasında (KSES) istismara verildiyi tarixdən bu ilin avqust
ayınadək 27,2 milyon kVt·st elektrik enerjisi istehsal olunub.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

2 il öncə – 2024-cü il sentyabrın 2-də Göygöl rayonunda Kürəkçay
çayı üzərində yerləşən “Toğanalı” kiçik Su Elektrik Stansiyası
istismara verilib.

“Su elektrik stansiyalarının fəaliyyəti “yaşıl enerji”nin
inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların
emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir”, –
məlumatda bildirilib.




Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji
sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr
həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı
dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir.
Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group
Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və
külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya
layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində
yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni
istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı
azaldaraq daha çox qazın ixracına imkan verəcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu
layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji
balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43
faizə çatdırılması nəzərdə tutulur.

Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar
arasında yeni enerji və investisiya platformasının
formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir.
Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi
Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. “Azərbaycan,
Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini
birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması
ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər
dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji
körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş
imkanlar yaradır”, – deyə Pərviz Şahbazov vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən “Green Corridor
Alliance” birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya
İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının
maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini
əlaqələndirir. Bununla yanaşı, “Xəzər–Qara dəniz–Avropa” Yaşıl
Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və
Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları
üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib
ki, “yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini
formalaşdırır” və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm
də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional
iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir