
Bakı. Trend:
Azərbaycanda avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma
sahəsində yeni “brutto müqavilə” modelinin tətbiqinə
başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli
250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə
müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən
məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə
ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın
tətbiqinə başlanılıb.
Yeni modelə əsasən, daşıyıcılara qət edilən məsafəyə və xidmətin
keyfiyyətinə uyğun ödəniş ediləcək. Marşrut üzrə avtobusların sayı,
hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət
göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək, daşıyıcı isə həmin
tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alacaq.
AYNA qeyd edib ki, bununla sərnişin sayının az olduğu vaxtlarda,
o cümlədən axşam saatlarında avtobusların fəaliyyətinin davam
etdirilməsi və müəyyən olunmuş hərəkət qrafikinə riayət edilməsi
təmin olunacaq.
Yeni sistemin sərnişinlər üçün daha müntəzəm, etibarlı və
proqnozlaşdırılan ictimai nəqliyyat xidmətinin formalaşdırılmasına
imkan verəcəyi bildirilir. Eyni zamanda, daşıyıcıların yalnız
gəlirli marşrutlara üstünlük verməsinin qarşısının alınması və
şəhərətrafı azrentabelli marşrutlarda xidmət səviyyəsinin
yüksəldilməsi nəzərdə tutulur.
İlkin mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm
marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun
olaraq digər marşrutların da mərhələli şəkildə sistemə qoşulması
planlaşdırılır.
Yeni model daşıyıcıların fəaliyyətinə nəzarətin
gücləndirilməsini də nəzərdə tutur. Müəyyən edilmiş keyfiyyət
tələbləri pozulduqda müqavilə çərçivəsində maliyyə və digər təsir
mexanizmləri tətbiq ediləcək. Xüsusi proqram təminatı vasitəsilə
göstərilən xidmətlərin keyfiyyəti ölçüləcək və xidmətin təşkilinə
nəzarət həyata keçiriləcək.
AYNA-nın məlumatına görə, “brutto müqavilə” modeli daşıyıcıların
maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını da
artıracaq. Bunun avtobus parkının yenilənməsinə, müasir və ekoloji
təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin
yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə investisiyaların
artırılmasına şərait yaradacağı gözlənilir.

