
Bakı. Trend:
Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi və Türkmənistan Xarici İşlər Nazirliyi
arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında
məlumat dərc edilib.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə
Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov,
Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin
rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.
Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyinin, Miqrasiya
xidmətinin, Baş Prokurorluğun rəsmiləri, həmçinin AR-in Daxili
İşlər Nazirliyinin rəsmisi, ölkəmizin Türkmənistandakı səfirliyinin
əməkdaşları iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq
sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
mövzusunda fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və
maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin
sadələşdirilməsi barədə müzakirələr aparıblar.
İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə,
təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən
keçirilib.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin
rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və
məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində
keçirilməsi barədə razılığa gəlinib.

