
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və
Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə
Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 6-cı ildönümünə həsr
olunan Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası
“Zəfərlə İrəli” mini futbol turnirinə yekun vurulub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən
məlumat verilib.
“Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar
keçirilən silsilə tədbirlər çərçivəsində 2014-2015-ci il təvəllüdlü
yeniyetmələr arasında rayon və şəhər olmaqla 2 mərhələdən ibarət
futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə
vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat
tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb
edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın
qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət”
layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol
stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə
keçirilib və yarışda ümumilikdə 1300-ə yaxın yeniyetmə idmançının
yer aldığı 112 komanda iştirak edib.
Turnirin birinci mərhələsi oktyabrın 30-na kimi paytaxt
rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri
Bakı şəhər mərhələsində yarışıblar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən
turnirə final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində
populyar müğənni Elnarə Xəlilova və “Döngə” qrupu iştirakçılar
qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final
oyunu keçirilib.
Final oyununda Nizami rayonunun komandası Qaradağ rayonunun
komandası görüşüblər. 4 – 3 hesabı ilə qalib gələn Nizami rayonunun
komandası turnirin qalibi olub. Üçüncü yerə Xəzər rayonunun
komandası çıxıb.
Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və
xatirə şəkli çəkdirilib.

