ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.

Məktubda qeyd olunub:

“Zati-aliləri.

8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan
xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq
arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və
qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin
insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan
arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun
xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.

Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı
təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən
böyük məmnunluq duydum. Bakıda Zati-aliniz tərəfindən qəbul olunmaq
xüsusi şərəf idi. Bu görüş bizə ortaq prioritetlərimiz və ICESCO
ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da
möhkəmləndirilməsi barədə dəyərli fikir mübadiləsi aparmaq imkanı
yaratdı.

ICESCO ilə Azərbaycan Respublikası arasındakı səmimi və
konstruktiv münasibətlər yüksək qiymətləndirilir. Bu, təhsil
imkanlarının təşviqi, mədəni irsin qorunması, həmçinin xalqlar və
sivilizasiyalar arasında dialoqun inkişafı sahəsindəki davamlı
əməkdaşlığımızda öz əksini tapır. Əminəm ki, bu tərəfdaşlıq
dərinləşərək təsir dairəsini genişləndirəcək, üzv dövlətlərimizə
xidmət edən və daha dinc, harmoniyalı bir dünyaya töhfə verən birgə
təşəbbüslər üçün yeni yollar açacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir,
dost Azərbaycan xalqına bir daha davamlı sülh, rifah və firavanlıq
arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir