
Bakı. Trend:
Azərbaycanda 2027–2030-cu illərdə ümumi daxili məhsulun (ÜDM)
orta illik real artımının 3,3 faiz, qeyri-neft-qaz ÜDM-inin isə 4,4
faiz olacağı proqnozlaşdırılır. Bu dövrdə iqtisadi artımın əsas
hərəkətverici qüvvəsinin qeyri-neft-qaz sektoru olacağı
gözlənilir.
Bu barədə 2027-ci ilin büdcə zərfinin layihəsində
bildirilib.
Sənədə əsasən, makroiqtisadi proqnozlar hazırlanarkən ölkə
iqtisadiyyatının inkişaf dinamikası, qlobal iqtisadi proseslərin
Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, qüvvədə olan sahəvi
strateji sənədlər, ortamüddətli inkişaf hədəfləri, islahatlar və
büdcə siyasətinin parametrləri nəzərə alınıb.
Növbəti strateji dövr üçün əsas çərçivəni isə “2027–2030-cu
illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa
dair II Dövlət Proqramı” müəyyən edəcək.
ÜDM-in artımı əsasən qeyri-neft sektorunun hesabına
təmin ediləcək
Layihədəki proqnozlara görə, Azərbaycanın nominal ÜDM-i 2027-ci
ildə 141 milyard manat təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə
bu göstərici 126,5 milyard manat, 2025-ci ildə 129,1 milyard manat,
2026-cı ildə isə 138 milyard manat səviyyəsində gözlənilir.
2027-ci ildə ÜDM-in real artımının 2,7 faiz olacağı
proqnozlaşdırılır. 2027–2030-cu illərdə isə orta illik real artımın
3,3 faizə çatacağı gözlənilir.
Bu dövrdə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun daha
da güclənəcəyi proqnozlaşdırılır. Belə ki, qeyri-neft-qaz ÜDM-inin
2027-ci ildə 109,1 milyard manat olacağı, real artım tempinin isə
4,4 faiz təşkil edəcəyi gözlənilir. 2027–2030-cu illər üzrə bu
sektorun orta illik real artımı da 4,4 faiz səviyyəsində
proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, qeyri-neft-qaz ÜDM-i 2024-cü ildə
86,2 milyard manat, 2025-ci ildə 92,3 milyard manat, 2026-cı ildə
isə 100 milyard manat səviyyəsində gözlənilir.
Neft-qaz sektorunda azalma davam edəcək
Neft-qaz sektorunda isə hasilat göstəricilərinin təsiri ilə
növbəti illərdə azalma meylinin davam edəcəyi gözlənilir.
Belə ki, sektorun ÜDM-dəki həcminin 2027-ci ildə 31,9 milyard
manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin gözlənilən 38
milyard manatlıq göstəricisindən aşağıdır. Neft-qaz sektorunda real
artımın 2027-ci ildə 1,8 faiz azalacağı, 2027–2030-cu illərdə isə
orta hesabla illik 0,4 faiz mənfi dinamika nümayiş etdirəcəyi
bildirilir.
Sənəddə qeyd olunur ki, son illərdə neft hasilatının azalması
sektorun artım tempinə mənfi təsir göstərib. Neft və qaz hasilatı
üzrə proqnozlar aidiyyəti təşkilatların məlumatları əsasında
hazırlanıb.
Hasilat göstəricilərinə əsasən, neft-qaz sektorunun 2027-ci ildə
1,8 faiz azalacağı, 2028–2030-cu illərdə isə neft hasilatının
sabitləşməsi fonunda orta hesabla 0,1 faiz artacağı gözlənilir.
Neft və qaz hasilatı üzrə proqnozlar
Büdcə zərfinin layihəsində yer alan göstəricilərə əsasən,
Azərbaycanda neft hasilatının 2024-cü ildəki 29,1 milyon tondan
2027-ci ildə 26,6 milyon tona qədər azalacağı proqnozlaşdırılır.
2028-ci ildə 26,1 milyon ton, 2029-cu ildə 26,6 milyon ton, 2030-cu
ildə isə 26,3 milyon ton neft hasilatı gözlənilir.
Təbii qaz hasilatının isə 2024-cü ildəki 38,6 milyard kubmetrdən
2025-ci ildə 38,9 milyard kubmetrə yüksəldiyi, 2026-cı ildə 37,8
milyard kubmetr, 2027-ci ildə isə 35,6 milyard kubmetr təşkil
edəcəyi proqnozlaşdırılır.
2028-ci ildə qaz hasilatının 33,2 milyard kubmetrə qədər
azalacağı, sonrakı illərdə isə artaraq 2029-cu ildə 35,3 milyard
kubmetr, 2030-cu ildə 36,6 milyard kubmetr olacağı gözlənilir.
Qeyri-neft-qaz sektorunun inkişafını hansı amillər
sürətləndirəcək?
Layihədə bildirilir ki, geosiyasi və geoiqtisadi gərginliklərin
davam etməsi, dünya iqtisadiyyatında qeyri-müəyyənlik və risklərin
qalmasına baxmayaraq, 2025-ci ildə və 2026-cı ilin ötən dövründə
Azərbaycan iqtisadiyyatında, o cümlədən qeyri-neft-qaz sektorunda
müsbət dinamika müşahidə edilib.
Qeyd olunur ki, sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə
təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi,
qeyri-neft-qaz məhsullarının ixracında daşıma xərclərinin
dəstəklənməsi, ixrac rəsmiləşdirilməsi xərclərinin kompensasiyası,
eləcə də sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik
şəbəkəsinə qoşulma ödənişlərinin subsidiyalaşdırılması ortamüddətli
dövrdə sektorun inkişafına töhfə verəcək.
Bununla yanaşı, qeyri-neft-qaz sektorunda davamlı iqtisadi
artımın təmin olunması üçün bir sıra istiqamətlər prioritet hesab
edilir.
Bunlara iqtisadiyyatın və ixracın şaxələndirilməsinin
sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
səmərəliliyinin artırılması, maliyyə sektorunun iqtisadi fəallıqda
rolunun gücləndirilməsi, özəl investisiyaların təşviqi və
qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb
edilməsi daxildir.
Eyni zamanda dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin
genişləndirilməsi, dövlətə məxsus hüquqi şəxslərin fəaliyyətinin
iqtisadi səmərəliliyinin artırılması, dövlət aktivlərinin daha
effektiv idarə olunması və onların mərhələli şəkildə özəl sektorun
idarəetməsinə və mülkiyyətinə verilməsi də əsas hədəflər
sırasındadır.
Digər mühüm istiqamətlər arasında süni intellekt və
innovasiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal
transformasiyanın sürətləndirilməsi, müasir texnologiyalar hesabına
sənaye, kənd təsərrüfatı və xidmət sahələrində məhsuldarlığın
yüksəldilməsi, bərpa olunan enerji istehsalının artırılması və
enerji transformasiyasının dərinləşdirilməsi yer alır.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin ölkə
iqtisadiyyatına reinteqrasiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında bərpa-quruculuq işləri, regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi və Orta Dəhlizin yaratdığı
imkanlardan səmərəli istifadə də iqtisadi artımı dəstəkləyən
amillər kimi göstərilir.
Layihəyə əsasən, ortamüddətli dövrdə qeyri-neft-qaz sektorunda
nəzərdə tutulan artım əsasən qeyri-neft-qaz sənayesi, tikinti,
turizm, ticarət və nəqliyyat sahələrinin dinamik inkişafı hesabına
formalaşacaq.

