
Bakı. Trend:
Qarabağ Dirçəliş Fondu 2027-ci ildə Ağdam, Cəbrayıl və Füzulidə
sahibkarlara icarəyə verilməsi nəzərdə tutulan obyektlərin
tikintisinə başlamağı planlaşdırır.
Bu barədə Trend-ə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin
sədri Rəhman Hacıyev Bakıda keçirilən “AIREX 2026” Beynəlxalq
Daşınmaz Əmlak Sərgisinin kuluarlarında bildirib.
Onun sözlərinə görə, layihə ölkə rəhbərliyinin tapşırığı
əsasında Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə həyata
keçirilir. Sahibkarlar üçün xüsusi sahələrin yaradılması Ağdam
Sənaye Parkında, Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkında, eləcə də Füzuli şəhərində nəzərdə tutulub.
“Burada söhbət fiziki binalardan gedir. Həmin binalar sonradan
İqtisadi Zonaların İnkişafı Agentliyinin iştirakı ilə və Qarabağ
Dirçəliş Fondunun sifarişi əsasında xüsusi şərtlərlə sahibkarlara
icarəyə veriləcək.
Hazırda layihə şirkətləri ilə görüşlər keçirilir. Müvafiq
ekspert qiymətləndirmələri aparıldıqdan və tender prosedurları başa
çatdıqdan sonra layihələrin icrasına başlanılacaq.
İlkin hesablamalar hələlik layihələrin dəqiq dəyərini açıqlamağa
imkan vermir, lakin hər bir obyekt üzrə söhbət bir neçə milyon
manatdan gedir.
Bu il ərzində layihələndirmə işlərinə başlamağı planlaşdırırıq.
Ümid edirik ki, gələn il bu mərhələni başa çatdıraraq tikinti
işlərinə başlayacağıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad
edilmiş ərazilərinin bərpası və yenidən qurulması, onların
dayanıqlı iqtisadiyyata və yüksək rifah səviyyəsinə malik regiona
çevrilməsi tədbirlərinə maliyyə dəstəyi göstərmək məqsədilə
fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fondun vəzifələrinə, həmçinin investisiyaların cəlb edilməsi, bu
sahədə dövlət-özəl tərəfdaşlığının inkişafına dəstək göstərilməsi,
eləcə də həyata keçirilən işlərlə bağlı ölkə daxilində və xaricində
məlumatlandırma, maarifləndirmə fəaliyyəti və zəruri informasiya
tədbirlərinin təşkili daxildir.

