Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur

Baş səhifə

Bakı. Trend:

Azərbaycan bazarında 585 əyarlı qızıl-zinət əşyalarının bir
qramı təxminən 150–170 manat, 750 əyarlı məmulatların bir qramı
190–220 manat, 999 əyarlı məmulatların bir qramı isə 230–260 manat
aralığında təklif olunur.

Bunu Trend-ə
açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai
Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və
qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən
Əmircanov deyib.

O bildirib ki, Azərbaycan bazarında qızıl-zinət əşyaları üçün
vahid satış qiyməti müəyyən edilməyib. Təqdim olunan bazar
məlumatları əsasında göstərilən qiymətlər təxminidir və məmulatın
növünə, istehsal ölkəsinə, modelinə və satıcının qiymət siyasətinə
görə dəyişə bilər.

Ekspertin sözlərinə görə, qızılın dünya bazarındakı qiymətinə
qlobal iqtisadi proseslər, pul-kredit siyasəti və geosiyasi
hadisələrlə yanaşı, investorların gözləntiləri də təsir
göstərir:

“Son günlərdə ən aktiv qızıl fyuçers müqaviləsinin hesablaşma
qiyməti bir troya unsiyası üçün 3 900 ABŞ dollarından aşağı düşüb.
Bu, 2025-ci ilin oktyabrından bəri həmin müqavilə üzrə qeydə alınan
ən aşağı hesablaşma qiymətidir”.

R.Əmircanov qeyd edib ki, faiz dərəcələrinin yüksək səviyyədə
saxlanılması və ya artırılması ilə bağlı gözləntilər gəlir gətirən
maliyyə alətlərinin investorlar üçün cəlbediciliyini artırır. Qızıl
faiz gəliri gətirmədiyindən, bu alətlərin gəlirliliyinin yüksəlməsi
qızıl saxlamağın alternativ xərcini artıra bilər.

“Nəticədə qızıla olan tələb zəifləyə və onun qiymətinə təzyiq
arta bilər. ABŞ dollarının digər valyutalara nisbətən möhkəmlənməsi
qızılın dollarla ifadə olunan qiymətinə təzyiq göstərə, eyni
zamanda onu digər valyutalardan istifadə edən alıcılar üçün
bahalaşdıra bilər”, – deyə o əlavə edib.

İqtisadçı bildirib ki, neft qiymətlərinin artması inflyasiya
gözləntilərini gücləndirə və mərkəzi bankların sərt pul-kredit
siyasətini daha uzun müddət davam etdirməsi ehtimalını artıra
bilər. Bununla yanaşı, geosiyasi gərginliyin artması və mərkəzi
bankların qızıl alışları qiymətə dəstək göstərə bilər.

Onun sözlərinə görə, bu amillər qarşılıqlı təsir göstərir və
qızılın bazar qiymətinin istiqaməti investorların tələbindən, risk
iştahından və digər bazar göstəricilərindən asılıdır:

“Son günlərdə müşahidə olunan qiymət geriləməsi neft
qiymətlərinin artması, inflyasiya narahatlıqları və faiz
dərəcələrinin yüksək qalacağı gözləntiləri ilə bağlıdır”.




R.Əmircanov yerli bazarda pərakəndə satış qiymətlərinin
formalaşmasına təsir edən amilləri də açıqlayıb. O bildirib ki,
beynəlxalq bazardakı qızıl kotirovkası və məmulatın əyarına uyğun
metal dəyəri ilə yanaşı, işçilik və dizayn xərcləri, qiymətli
daşların dəyəri, idxal və logistika xərcləri, vergilər və digər
ödənişlər, eləcə də satıcının ticarət marjası nəzərə alınır.

Ekspert vurğulayıb ki, dünya bazarındakı ucuzlaşma yerli
mağazaların satış qiymətlərinə dərhal və eyni həcmdə ötürülməyə
bilər:

“Mövcud ehtiyatların maya dəyəri əvvəlki alış qiymətlərindən
asılı olur. Yeni tədarükün qiyməti dəyişdikcə bu təsir pərakəndə
satış qiymətlərində tədricən görünə bilər. Sadə və daşsız
məmulatlarda qızılın ümumi qiymətdəki payı daha yüksək olduğundan
dəyişikliklər nisbətən aydın hiss oluna bilər. Bununla belə, qiymət
dəyişikliyinin sürəti və miqyası satıcının ehtiyatlarından, alış
şərtlərindən və qiymət siyasətindən asılıdır”.

R.Əmircanov almaz və rəngli qiymətli daşların qiymət
dinamikasına da toxunub. Onun sözlərinə görə, almaz bazarında son
dövrün qiymət dinamikası ölçü və keyfiyyət kateqoriyalarına görə
fərqlənib.

“Rapaport-un dərc etdiyi təhlilə əsasən, oktyabrda bəzi kiçik
ölçülü, yüksək keyfiyyətli dairəvi brilyantların qiymət indeksləri
artıb, bir karatlıq brilyantların indeksi isə cüzi yüksəlib.
Bununla yanaşı, 1–1,49 karatlıq brilyantların bəzi
kateqoriyalarında qiymətlər zəifləyib və ya sabit qalıb. Buna görə
almazların qiymətində ümumi artım və ya azalma barədə vahid
nəticəyə gəlmək düzgün olmaz”, – deyə o bildirib.

İqtisadçı qeyd edib ki, yaqut, zümrüd, sapfir və aleksandrit
kimi rəngli qiymətli daşların qiymətləri də daşın növündən, karat
çəkisindən, rəngindən, təmizliyindən, mənşəyindən və emal üsulundan
asılı olaraq dəyişir. Bu bazarda vahid qiymət istiqaməti
yoxdur.

Onun sözlərinə görə, son hərrac məlumatlarında yaqutların orta
satış qiyməti əvvəlki hərracla müqayisədə yüksək olub. Lakin
hərraclarda təklif olunan daşların tərkibi və keyfiyyəti fərqli
olduğundan bu göstəricini bütün yaqutların bazar qiymətinin artması
kimi qiymətləndirmək olmaz.

“Daşlı və mürəkkəb işləməli məmulatlarda işçilik və daşların
yekun qiymətdəki payı daha yüksək ola bilər. Buna görə qızılın
dünya bazarındakı qiymət dəyişiklikləri belə məmulatların satış
qiymətinə nisbətən daha məhdud təsir göstərə bilər”, – deyə
R.Əmircanov əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir