Qarabağ Dirçəliş Fondu üç şəhərdə mərkəzi parkların yaradılmasına dəstək göstərəcək (Özəl)

Baş səhifə

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondu Ağdam, Füzuli və Xankəndi şəhərlərində
mərkəzi parkların yaradılmasına dəstək göstərəcək.

Bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev Bakıda keçirilən “AIREX 2026” Beynəlxalq Daşınmaz Əmlak
Sərgisinin kuluarlarında Trend-ə bildirib.

“Fond bütün rayonlarda meşələrin və bağların salınması da daxil
olmaqla, bitki örtüyünün bərpası layihələrini həyata keçirir.
Həmçinin Fond Laçında “Bəylik Bağları”nın bərpasının sonuncu
mərhələsində iştirak edəcək. Bu çərçivədə sabah ağacəkmə
aksiyasının keçirilməsi planlaşdırılır. Aksiya Azərbaycanın
Qələbəsinə həsr olunacaq”, – deyə o bildirib.

Zəngəzur dəhlizi ilə bağlı layihələrdə Fondun mümkün iştirakı
barədə suala cavab verən R.Hacıyev hazırda bu məsələ ilə bağlı heç
bir müzakirənin aparılmadığını qeyd edib.

“Fondun hələlik bu məsələ ilə bağlı heç bir müzakirəsi olmayıb.
Lakin müvafiq tapşırıq daxil olarsa, müəyyən formada iştirakımız,
ehtimal ki, mümkün olacaq”, – deyə o bildirib.




R.Hacıyev Fondun maliyyələşdirdiyi digər istiqamətlər barədə də
danışıb. Bu istiqamətlərə tarixi abidələrin bərpası, muzey
komplekslərinin yaradılması və turizm infrastrukturunun inkişafı
daxildir.

O, xüsusilə Ağdamdakı Cümə məscidini və “İmarət” muzey
kompleksini, həmçinin Şahbulaq qalasının bərpasını və onun
ətrafında turizm infrastrukturunun yaradılmasını qeyd edib.

Bundan başqa, R.Hacıyev bildirib ki, Fond Qarabağın hər bir
şəhərində yaradılması planlaşdırılan Zəfər və İşğal muzeylərinin
layihələrinin hazırlanmasını maliyyələşdirib. O qeyd edib ki,
layihə Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi əsasında
həyata keçirilir. “Hazırda layihənin gələcək maliyyələşdirilməsi
məsələsinə baxılır”, – deyə o bildirib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş
Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması, onların
dayanıqlı iqtisadiyyata və yüksək rifah səviyyəsinə malik regiona
çevrilməsi tədbirlərinə maliyyə dəstəyi göstərmək məqsədilə
fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Fondun vəzifələrinə həmçinin investisiyaların cəlb edilməsi, bu
sahədə dövlət-özəl tərəfdaşlığının inkişafına dəstək göstərilməsi,
eləcə də aparılan işlərlə bağlı ölkə daxilində və xaricdə
informasiya təminatının həyata keçirilməsi, maarifləndirmə
fəaliyyəti və zəruri məlumatlandırma tədbirlərinin təşkili
daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir