
Bakı. Trend:
Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini
Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev,
Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini
Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin
müavini Lana Morqoşia, Venesuelanın elm və texnologiya nazirinin
müavini Bernabe Melendes, Barbadosun dövlət xidməti və insan
resurslarının inkişafı naziri Key MakKoni “ASAN xidmət” mərkəzinin
fəaliyyəti ilə tanış olublar.
Bu barədə “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, qonaqlar Bakıda keçiriləcək “BMT (Birləşmiş
Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə
Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə iştirak
məqsədilə ölkəmizdə səfərdədirlər. Onlar Bakıda keçiriləcək bu
sammitinin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət
xidmətləri sahəsində vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi
və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi
baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı
istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyini bildirib.
Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə
brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi
dəyərləndirir və dörd qitədə təşviq edir.
Özbəkistanlı qonaqlar “ASAN xidmət” modeli əsasında ölkələrində
xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərdiyindən
məmnunluqlarını ifadə ediblər.
Qırğız tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət”
təcrübəsinin paylaşılması ilə bağlı uğurlu əməkdaşlıq edildiyi
vurğulanıb.
Gürcüstan tərəfi ilə keçirilən müzakirələr zamanı süni intellekt
həlləri ilə bağlı təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq
məsələləri müzakirə olunub.
Venesuelanı və Barbadosu təmsil edən rəsmilər “ASAN xidmət” kimi
qabaqcıl təcrübənin ölkələrində tətbiqinin dövlət xidmətlərinin
keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun
artırılmasına mühüm töhfə verə biləcəyini qeyd ediblər.
Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin,
“Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi
şəxsin fəaliyyəti ilə də tanış olublar.

