
Bakı. Trend:
Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının
2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə
olunub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
İclasda komitənin üzvləri, parlamentdə təmsil olunan siyasi
partiyaların nümayəndələri, aidiyyəti dövlət qurumlarının
rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Tədbiri açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Azər Əmiraslanov 2027-ci ilin büdcə zərfinin qanunvericiliklə
müəyyən edilmiş qaydada Milli Məclisə daxil olduğunu, Hesablama
Palatası tərəfindən büdcə sənədlərinə dair rəylərin hazırlandığını
bildirib.
Komitə sədri 2027-ci ilin dövlət büdcəsinin əsas xüsusiyyətləri
barədə məlumatında diqqətə çatdırıb ki, büdcə gəlirləri 39,2
milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır.
Bu, 2026-cı ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə həm gəlir,
həm də xərclər üzrə 1,7%-lik artım deməkdir. Dövlət büdcəsi
kəsirinin yuxarı həddi təxminən 3,2 milyard manat nəzərdə
tutulur.
O, vurğulayıb ki, büdcə zərfi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin,
müəyyən etdiyi dövlət proqramlarının, ölkəmiz qarşısında dayanan
strateji vəzifələrin icrası üçün etibarlı maliyyə təminatı yaradır.
Bildirilib ki, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə
daha da gücləndiriləcəyindən xəbər verir. Xərclərin 18,7 milyard
manatının və ya 44,2%-nin sosial yönümlü olması bunu bir daha
təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və
ya 9,2% çoxdur. Bununla yanaşı, dövlət büdcəsində milli
təhlükəsizlik və müdafiə məsələlərinin diqqətdə saxlanılıb. 2027-ci
il dövlət büdcəsində əsaslı xərclər 13,8 milyard manat, yaxud ümumi
xərclərin 32,5%-i həcmində nəzərdə tutulub.
Büdcənin dayanıqlığının təmin edilməsinin əhəmiyyətindən danışan
komitə sədri büdcə qaydalarına tam riayət edilməsinin, 2027-ci ildə
büdcə mədaxilinin 60%-dən çoxunun qeyri-neft gəlirlərinin payına
düşməsinin, cari xərclərin 90,1%-nin qeyri-neft-qaz gəlirləri
hesabına qarşılanmasının, Dövlət Neft Fondundan transfertin 935
milyon manat azaldılmasının büdcədə keyfiyyət dəyişikliklərini
səciyyələndirən əsas amillər olduğunu bildirib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan
Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun
layihəsini və büdcə zərfinə daxil olan sənədləri təqdim edib.
Nazir qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizin
sosial-iqtisadi inkişafı bütün istiqamətlər üzrə təmin edilir.
Azərbaycan, qüdrətli, iqtisadi cəhətdən daha inkişaf etmiş, sosial
cəhətdən əhalinin rifahını daha yaxşı təmin edən dövlətə çevrilir.
Həyata keçirilən bu struktur, institusional, iqtisadi, sosial
islahatların çərçivəsi növbəti dövr üçün də həm dövlət büdcəsində,
həm də ortamüddətli xərclər çərçivəsində nəzərdə tutulub.
Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2027-ci il
üzrə hazırlanmış büdcə siyasətinin əsas prinsiplərinin dayanıqlı
iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması,
əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi,
müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının
gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin
genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının
dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl
edilməsi, büdcə xərclərinin Dövlət Xəzinədarlığı vasitəsilə ünvanlı
və səmərəli icra edilməsi, real sektorun inkişafının daha da
sürətləndirilməsi olduğunu bildirib.
2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə bağlı nəzərə
çatdırılıb ki, növbəti ildə ümumi daxili məhsulun məbləği 141
milyard manat olaraq qiymətləndirilir. Bu, 2026-cı illə müqayisədə
2,7%-lik real artım deməkdir. Qeyri-neft-qaz sektoru üzrə ÜDM 109,1
milyard manat proqnozlaşdırılır, bu da 2026-cı ilə nisbətən
4,4%-lik bir real artım deməkdir. Növbəti il üçün xam neftin bir
barelinin orta illik qiyməti 65 dollar götürülüb. Orta illik
inflyasiya 5,3% proqnozlaşdırılır. Hazırda ümumi dövlət borcu 23,9
milyard manat təşkil edir və bu, cari ilin əvvəli ilə müqayisədə
2,8% azdır. Borc portfelinin 16,2 milyard manatı daxili dövlət
borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur. Strateji
valyuta ehtiyatları cari ilin 1 oktyabr tarixinə 89,4 milyard
dollara çatıb və Dövlət Neft Fondunun gəlirləri növbəti ildə 7,8
milyard dollar, xərcləri isə 7,1 milyard dollar, Neft Fondunun
transferti 7 milyard dollar olaraq proqnozlaşdırılır.
Qeyd edilib ki, büdcə siyasətinin əsas istiqamətlərindən biri
neftdən asılılığın daha da azaldılmasıdır. Bu məqsədlə Azərbaycan
hökuməti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilir. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin
qeyri-neft ÜDM-ə nisbətinin 17,1% olacağı, icmal büdcədə qeyri-neft
gəlirlərinin payı isə 64,5%-ə çatacağı gözlənilir.
Nazir büdcə xərclərinin sosial-iqtisadi ehtiyaclarımıza uyğun
olaraq tərtib edildiyini deyib. O, bildirib ki, icmal büdcənin
xərcləri qeyri-neft ÜDM-in 46,2%-i təşkil edəcək. Dövlət büdcəsinin
32,5%-i əsaslı xərclərə yönəldiləcək. Təhsil və səhiyyə xərcləri də
ümumi daxili məhsulun müvafiq olaraq 3,6% və 1,5%-nə çatacaq.
Növbəti ildə aqrar sektora ayırmalar aqrar ÜDM-in 15,8%-nə çatacaq.
Bildirilib ki, növbəti ilin dövlət büdcəsində rayonların
dotasiyadan asılılığı tam aradan qaldırılıb. Naxçıvana verilən
dotasiya isə cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4%
azalacaq.
Daha sonra Sahil Babayev nəzərə çatdırıb ki, növbəti ildə icmal
büdcənin gəlirləri 47,6 milyard manata çatacaq və bu 2026-cı illə
müqayisədə 2,6 milyard manat və ya 5,9% artım deməkdir. Gəlirlərin
ÜDM-də payı 33,8%-ə çatacaq, bu da 2026-cı illə müqayisədə 1,2%
çoxdur. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə çatacaq,
bu da cari illə müqayisədə 1,5% çoxdur.
Qeyd edilib ki, dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə
645 milyon manat artımla proqnozlaşdırılır. ÜDM-də dövlət büdcəsi
gəlirlərinin payı isə 27,8% olaraq proqnozlaşdırılır. Qeyri-neft
sektoru üzrə 23,8 milyard manatlıq və ya 60,6% gəlir gözlənilir.
Qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti isə 21,8% olacaq.
Neft sektoru üzrə gəlirlər isə 15,5 milyard və ya ümumi büdcə
gəlirlərinin 39,4%-i təşkil edəcək. Bununla yanaşı, Dövlət Vergi
Xidməti üzrə daxilolmalar 18,4 milyard manata və ya 47%-ə çatacaq,
bu da cari illə müqayisədə 1,5 milyard manat və ya 9% artım
deməkdir. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6,9 milyard
manat və ya büdcə gəlirlərinin 17,1%-i, Dövlət Neft Fondunun
transferti 11,9 milyard manat və ya büdcə daxilolmalarının 30,3%-i
olacaq. Növbəti ildə, dövlət müəssisələrindən dividend daxilolması
872 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə
daxilolmalar 949 milyon manat, sair gəlirlər isə 484 milyon manat
olaraq proqnozlaşdırılır.
Sonra maliyyə naziri növbəti ildə icmal və dövlət büdcəsi
xərcləri ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, icmal
büdcənin xərcləri 50,4 milyard manat, yəni cari illə müqayisədə 1,5
milyard manat çox proqnozlaşdırılır.
Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat və ya cari
illə müqayisədə 696,4 milyon manat və ya 1,7% artımla müəyyən
edilib. Onun ÜDM-də payı 30,1%, qeyri-neft ÜDM-də payı isə 38,9%
olacaq. Dövlət büdcəsi xərclərinin tərkibində cari xərclər 26,4
milyard manat və ya xərclərin 62,3%-i olaraq proqnozlaşdırılır.
Sosialyönümlü xərclər 18,7 milyard manat və ya 44,2% təşkil edəcək.
Əsaslı xərclər 13,8 milyard manat olaraq proqnozlaşdırılır. Dövlət
borclarına xidmətlə bağlı xərclər 2,2 milyard məbləğində
qiymətləndirilir. Maliyyə naziri büdcənin funksional təsnifatı üzrə
xərc istiqamətlərinə dair göstəricilər diqqətə çatdırıb.
Sonra tədbirdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh
Kazımov çıxış edib.
O bildirib ki, mürəkkəb qlobal şəraitə baxmayaraq, 2026-cı ilin
ilk 9 ayında ölkəmizdə iqtisadi artım davam edib. Bu dövrdə ümumi
daxili məhsul 1,5%, qeyri-neft-qaz sektorunda 2,6% artıb. Bu dövrdə
xarici ticarət balansında 10,5 milyard ABŞ dolları həcmində müsbət
saldo qeydə alınıb, strateji valyuta ehtiyatları 5,1% artaraq 89,4
milyard ABŞ dolları olub. Qeyd olunub ki, cari ildə də pul siyasəti
monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına
yönəldilib. 2026-cı ilin ötən dövründə valyuta bazarında məzənnə
sabitliyi təmin olunub.
Diqqətə çatdırılıb ki, 2026-cı ilin ötən dövründə bank
sektorunun aktivlərinin genişlənməsi iqtisadi fəallığa dəstək
verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15,1% artaraq
65,7 milyard manata çatıb. Habelə cari ilin 9 ayında ötən ilin eyni
dövrü ilə müqayisədə sığorta haqları 8%, sığorta ödənişləri isə 29%
artıb. Qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi
həcmi 35 milyard manat təşkil edib. Səhm bazarında əməliyyatların
ümumi həcmi 9 dəfə artaraq 2,6 milyard manata çatıb.
Sonra Taleh Kazımov 2027-ci ilə gözlənilən makroiqtisadi
siyasətlə bağlı fikirlərini açıqlayıb. Qeyd edilib ki, Mərkəzi
Bankın proqnozlarına görə 2027-ci ildə ölkədə ÜDM-in 2,3%,
qeyri-neft-qaz ÜDM-in isə 4,3% artacaq. Cari əməliyyatlar hesabının
profisitinin 5,4 milyard ABŞ dolları, illik inflyasiyanın 5,9%
səviyyəsində qərarlaşacağı olacağı proqnozlaşdırılır. Mərkəzi
Bankın İdarə Heyətinin sədri 2027-ci ilin büdcə layihəsinə
münasibət bildirərək, ümumilikdə, 2027-ci il və ortamüddətli dövr
üçün təqdim edilən makro-fiskal çərçivəni müsbət qiymətləndirib. O,
qeyd edib ki, dövlət xərclərinin konservativ artımı və
optimallaşdırılması, neft transfertlərinin mərhələli azaldılması,
büdcə gəlirlərində qeyri-neft mənbələrinin payının artırılması,
habelə büdcə kəsiri və dövlət borcunun idarəolunan səviyyədə
saxlanılması fiskal dayanıqlığın gücləndirilməsinə xidmət edir.
Sonra iclasda İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin
Camalov çıxış edib. O, ötən dövrdə iqtisadiyyatda baş verən
keyfiyyət dəyişikliklərindən bəhs edib. Bildirilib ki, özəl
sektordan əsas kapitala investisiya qoyuluşu 14,7 milyard manat
olmaqla real ifadədə 10,9% artıb. Qeyri-neft-qaz sektorunda özəl
investisiyalar isə 21% ətrafında artıb. Həmçinin, qeyri-neft-qaz
sektoru üzrə artımın aparıcı mənbəyi qeyri-neft-qaz sənayesi,
logistika və rəqəmsal xidmətlər olduğu qeyd edilib.
Bununla yanaşı, nəzərə çatdırılıb ki, dövlət büdcəsi
xərclərinin, o cümlədən əsaslı xərclərin ilin sonunadək tam icrası
iqtisadi artımın sürətinə təsir edən mühüm amildir. Neft Fondunun
qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 9 ayda
20,5% artaraq 3,2 milyard dollara çatıb, bunun 60%-i sənaye
məhsullarıdır. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan
xarici ticarət saldosu 25% artaraq 7,1 milyard dollar profisitlə
formalaşıb. Qeyd edilib ki, cari ilin 9 ayında vergilər üzrə
proqnoz 107,2%, o cümlədən qeyri-neft-qaz sektorunda 102,9% icra
edilib, illik proqnozun 80,6%-i isə artıq təmin olunub. Vergi
daxilolmaları 9,4%, qeyri-neft-qaz vergiləri isə 12,6% artıb.
Komitə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinə
dair Palatanın rəyini səsləndirib. Bildirilib ki, qanunvericiliyə
uyğun hazırlanmış qanun layihəsi maddələr üzrə təhlil edilib və
bəzi maddələrin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə
gəlinib.
Vüqar Gülməmmədov büdcə zərfinin izahat hissəsində əvvəlki
illərdən fərqli olaraq, fiskal risk anlayışının
konkretləşdirildiyini, beynəlxalq təlimatlara uyğun olaraq
risklərin təsirinin və başvermə ehtimalının da qiymətləndirildiyini
bildirib.
Məsələ ətrafında müzakirələrdə İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədr müavini və digər deputatlar, eləcə də
partiya nümayəndələri çıxış ediblər, növbəti ilin dövlət büdcəsi
layihəsi ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər,
bəzi suallarını səsləndiriblər.
Maliyyə naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh
Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Neft
Fondunun icraçı direktoru İsrafil Məmmədov, İqtisadiyyat Nazirliyi
Aparatının rəhbəri Elvin Camalov və Hesablama Palatasının sədri
Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq
gətiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il
dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq
üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

