Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində batut
gimnastikası və tamblinq üzrə Dünya çempionatı keçirilir.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə,
dünyanın güclü gimnastlarını bir araya gətirən mötəbər yarışda
Azərbaycan milli komandasının üzvləri də medallar uğrunda mübarizə
aparırlar.

Çempionatda ölkəmizi batut gimnastikası üzrə qarışıq sinxron
proqramda 2026-cı il Dünya kuboku seriyasının qalibləri Selcan
Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə eyni
titula sahib olan Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil edirlər.
Selcan Mahsudova və Maqsud Mahsudov həmçinin fərdi proqramda da öz
bacarıqlarını nümayiş etdirəcəklər.

Tamblinq üzrə milli komandamızın heyətində isə komanda hesabında
ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə
və Aleksey Karataşov yer alırlar. Təcrübəli gimnastlarımız həm
fərdi, həm də komanda yarışlarında növbəti uğurlarını qazanmaq
əzmindədirlər.

Qeyd edək ki, Aleksey Karataşov ilk dəfə böyüklər yaş
kateqoriyasında Dünya çempionatında debüt edir.




Çempionatın ilk təsnifat günü Azərbaycan gimnastları üçün uğurlu
nəticələrlə yadda qalıb. Batut gimnastikası üzrə qarışıq sinxron
proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.250 xal
toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Tamblinq üzrə təmsilçilərimiz də inamlı çıxışları ilə
fərqləniblər. Tofiq Əliyev 59.500 xalla təsnifat mərhələsini lider
kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib. Mixail Malkin isə
57.100 xalla dördüncü pillədə qərarlaşaraq ikinci təsnifat
mərhələsində iştirak etmək hüququ əldə edib.

Komanda yarışlarında da gimnastlarımız uğurlu nəticəyə imza
atıblar. Tamblinq üzrə milli komandamız ümumilikdə 87.200 xal
toplayaraq sıralamanın 1-ci pilləsindən final mərhələsinə vəsiqəni
təmin edib.

Noyabrın 5-də isə batut gimnastikası üzrə fərdi proqramlarda
mübarizəyə start veriləcək. Selcan Mahsudova və Maqsud Mahsudov bu
dəfə fərdi çıxışları ilə ölkəmizi təmsil edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir