
Bakı. Trend:
Baş verə biləcək növbəti pandemiyaya hazırlıq, okeanların
mühafizəsi və inkişafın maliyyələşdirilməsi ilə bağlı yeni qlobal
razılaşmalara istinad edən BMT-nin Baş katibi Antonio Quterreş
bildirib ki, baş verən son qlobal hadisələr çoxtərəfliliyin hələ də
mümkün olduğunu göstərir.
Trend xəbər
verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında nazirlərə müraciət
edən Baş katib müharibə, bərabərsizlik və maliyyə gərginliyi
şəraitində geridə qalan Dayanıqlı İnkişaf Məqsədlərini (SDG) xilas
etmək üçün təcili tədbirlər görməyə çağırıb.
O qeyd edib: “Transformasiya təkcə zəruri deyil, həm də
mümkündür”. O, son aylarda qəbul edilmiş mühüm öhdəlikləri
vurğulayaraq bildirib ki, Cenevrədəki Ümumdünya Səhiyyə
Assambleyasında Pandemiya Sazişi, Nitsada keçirilən üçüncü BMT
Okean Konfransında dənizdə qorunan ərazilərinin genişləndirilməsi
vədləri və Sevilyada baş tutan dördüncü Beynəlxalq İnkişaf
Konfransında qlobal maliyyə üçün yeni plan razılaşdırılıb. “Bunlar
təcrid olunmuş nailiyyətlər deyil, son qlobal hadisələr fonunda
çoxtərəfliliyin təmin edə biləcəyi planlardır”, -deyə Quterreş
vurğulayıb.
Baş katib xəbərdarlıq edib ki, dünya 2030-cu il hədəflərinə
çatmaq yolundan çox uzaqdadır. O əlavə edib: “SDG hədəflərinin
yalnız 35 faizi həyata keçirilir və ya orta dərəcədə reallaşır.
Demək olar ki, onların yarısı çox yavaş yerinə yetirilir, 18
faizində isə geriləmə var”. Quterreş hökumətləri bu istiqamətdə
təcili və ambisiya ilə hərəkət etməyə çağırıb: “Dayanıqlı İnkişaf
Məqsədləri xəyal deyil, onlar ən həssas insanlara, bir-birimizə və
gələcək nəsillərə verdiyimiz vədləri yerinə yetirmək planıdır”.
Quterreş 2015-ci ildən bəri əldə olunan nailiyyətləri, o
cümlədən sosial müdafiənin genişləndirilməsi, uşaq nikahlarının
azalması və qadınların təmsilçiliyinin artmasına istinad edərək
bildirib ki, dünya liderlərinin resursları səfərbər edəcəyi və
siyasi iradə nümayiş etdirəcəyi təqdirdə həmin məqsədlər əlçatan
olaraq qalacaq.
Baş katib, həmçinin Qəzza, Sudan, Myanma, Ukrayna və başqa
yerlərdə davam edən zorakılıqları qeyd edərək, bu kontekstdə
inkişaf və sülhün əlaqəli olduğunu vurğulayıb. O deyib: “Biz hər
addımda bilirik ki, möhkəm sülh davamlı inkişaf tələb edir. BMT
münaqişə tərəflərini dərhal atəşkəs elan etməyə və ixtilafların
diplomatik yolla həllinə dair yeni öhdəliklər götürməyə
çağırır”.