
Almaniyanın ən böyük qəzetlərindən biri olan “Süddeutsche Zeitung”u nəşr edən “Südwestdeutsche Medienholding” (SWMH) media şirkəti haker hücumuna məruz qalıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Südwestdeutsche Zeitung” informasiya təhlükəsizliyi ilə bağlı kritik insidentlə üzləşib. Üçüncü şəxslər SWMH şəbəkəsinə qısa zamanda daxil ola biliblər. SWMH bu girişi bloklayıb”, – media holdinqdən bildirilib.
Hakerlər şirkətin mərkəzi şəbəkəsinə hücum ediblər, lakin insident onlayn platformaların fəaliyyətinə və qəzetlərin nəşrinə təsir etməyib. Bütün nəşrlər həmişəki kimi nəşr olunmağa davam edir.
SWMH-dən vurğulanıb ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində hakerlərin şəxsiyyətinin və məqsədlərinin müəyyən edilməsi istiqamətində iş aparılır. Şirkət həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün kibertəhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.