Çexiyada hepatit A-yə yoluxma hallarında kəskin artım müşahidə olunur

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin əvvəlindən etibarən Çexiyada 900-dən çox insan
hepatit A virusuna yoluxub ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə təxminən 9 dəfə artım deməkdir.

Trend xəbər verir
ki, bu barədə Çexiya Dövlət İctimai Səhiyyə İnstitutu məlumat
yayıb.

Məlumata görə, bu il ölkədə hepatit A diaqnozu qoyulan 10 nəfər
həyatını itirib. Müqayisə üçün, 2024-cü ildə bu virusdan yalnız 2
ölüm halı qeydə alınmışdı.




Ən çox yoluxma halları Praqa, ona bitişik Mərkəzi Çexiya bölgəsi
və ölkənin şimal-şərqində yerləşən Moraviya-Sileziya bölgəsində
müşahidə olunub. Portalın məlumatına əsasən, təkcə Praqada 311
nəfər hepatit A virusuna yoluxub. Xəstəlik əsasən narkotik istifadə
edən evsizlər arasında yayılır.

Bundan əlavə, hepatit A virusuna xaricdə tətil zamanı yoluxma
halları da qeydə alınıb. Bu yoluxmaların əsas mənbəyi kimi Balkan
ölkələri, Şimali Afrika və Cənub-Şərqi Asiya göstərilir. Həkimlərin
bildirdiyinə görə, Slovakiya, Avstriya və Macarıstanda da bu
virusun yayılma riski son aylarda artıb.

Qeyd edək ki, hepatit A virusu yüksək yoluxuculuğa malikdir.
Onun inkubasiya dövrü 50 günə qədər davam edə bilər. Xəstəlik
tez-tez asemptomatik formada keçdiyindən, yalnız həkimlər
tərəfindən aparılan laborator testlərlə aşkar oluna bilər.