
Bakı. Trend:
Almaniyanın nəhəng texnologiya şirkəti “Bosch”, Reutlinqen
şəhərində yerləşən zavodunda 2029-cu ilə qədər 1100 iş yerinin
ixtisarını planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə şirkət açıqlama verib.
İdarəetmə qurğuları istehsal edən müəssisə artıq rəqabət
qabiliyyətini itirib, bu səbəbdən strukturun yenidən qurulmasına və
xərclərin azaldılmasına ehtiyac yaranıb. Gələcəkdə zavod əsasən
yarımkeçirici məhsullar üzrə ixtisaslaşacaq.
İxtisarlar əsasən istehsal, idarəetmə qurğularının hazırlanması
və inzibati bölmələri əhatə edəcək. Qərarın verilməsində bazar
şərtlərinin çətinləşməsi, tələbatın azalması, artan rəqabət və
qiymət təzyiqi əsas amillər kimi göstərilib.
Qeyd edək ki, hazırda Reutlinqen zavodunda təxminən 10 min işçi
çalışır. Bu dəyişikliklər “Bosch”un 2023-cü ilin sonundan həyata
keçirdiyi ümumi ixtisar proqramının bir hissəsidir. Ümumilikdə
şirkət üzrə 14 mindən çox iş yerinin ixtisarı planlaşdırılır və
bunun əsas hissəsi Almaniyadakı təchizat sahəsini əhatə edir.