Yaponiyanın Baş naziri: Mənim istefa verməyim barədə söhbət olmayıb – YENİLƏNİB

Baş səhifə

Yaponiyanın Baş naziri Şigeru İşiba parlamentin yuxarı palatasına seçkilərdə onun Liberal Demokrat Partiyasının (LDP) uğursuzluğundan sonra tezliklə istefa verəcəyi ilə bağlı bir sıra Yaponiya KİV-lərinin məlumatlarını təkzib edib.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, o, bu barədə öz partiyasının üç yüksək vəzifəli üzvü ilə görüşdən sonra jurnalistlərə bildirib.

“Keçmiş baş nazirlər Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşdə mənim qalıb-qalmamağım və ya istefa verməyim barədə söhbət olmayıb. Bəzi KİV-lər bu barədə məlumat yayıb, lakin mən heç vaxt belə bəyanatlar verməmişəm. Bu məlumatlar həqiqətə uyğun deyil”, – deyə o bildirib.

Daha əvvəl “Mayniçi” qəzeti İşibanın öz ətrafına avqustun sonuna qədər istefa verəcəyini elan etmək planları barədə danışdığını bildirmişdi. Kyodo agentliyi LDP-nin yüksək vəzifəli funksionerlərinə istinadən istefanı qaçılmaz adlandırıb. “Yomiuri” qəzeti isə İşibanın artıq iyulda istefa verə biləcəyini bildirib.

Yaponiyanın baş naziri Sigeru İsiba yaxın çevrəsinə ABŞ ilə ticarət danışıqlarından sonra istefa verib-verməyəcəyi ilə bağlı qərar qəbul edəcəyini bildirib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, baş nazirin rəhbərlik etdiyi Liberal-demokratlar partiyası parlamentin Yuxarı Palatasına seçkilərdə məğlub olub. Bundan sonra İsiba ciddi təzyiqlərlə üz-üzə qalıb.

“Baş nazir yaxın ətrafına bildirib ki, ABŞ ilə ticarət danışıqlarının nəticələri məlum olduqdan sonra müvafiq açıqlamanı verəcək”, – mətbuat yazır.

Daha öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, bağlanan “böyük saziş” nəticəsində Yaponiya ABŞ-a 550 milyard dollar investisiya qoyacaq, üstəlik, Yaponiya ABŞ-a idxal üçün 15% rüsum ödəyəcək.