
Bakı. Trend:
Süd məhsullarının müntəzəm qəbulu sarkopeniya – yəni yaş
artdıqca əzələ kütləsinin və gücünün azalması prosesini ləngidə
bilər.
Trend xəbər verir
ki, elmi araşdırmanın nəticələri “Food Science & Nutrition”
dərgisinidə nəşr olunub.
Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, dörd növ
süd məhsulu əzələ toxumasının göstəricilərini yaxşılaşdırır və
iltihabı azaldır.
Tədqiqatçılar tam və yağsız keçi südünün, həmçinin, D vitamini
və kalsiumla zənginləşdirilmiş keçi südünün təsirini araşdırıb və
nəticələri inək südü ilə müqayisə ediblər.
Sarkopeniya induksiya edilmiş siçanlara bu məhsullar səkkiz
həftə ərzində verilib. Bütün variantlar əzələ toxumasının kütləsini
artırıb və əzələlərin böyümə və bərpasına cavabdeh olan
PI3K/Akt/mTOR yolunu aktivləşdirib.
Ən güclü təsir isə D vitamini və kalsiumla zəngin keçi südündə
müşahidə edilib – bu məhsul əzələ regenerasiyası ilə bağlı genlərin
ifadəsini gücləndirib.