
Yunanıstanın “Aris” komandası “Araz-Naxçıvan”ı təhlil edib.
“Report” xəbər verir ki, bunu “Aris”in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis səfər qarşılaşmasından sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:
“Bu mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl “Qəbələ” klubuna rəqib baş məşqçi kimi ölkənizə səfər etmişdim. “Araz-Naxçıvan”ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir. Sabahkı qarşılaşma üçün start heyəti bəllidir. Həmin futbolçularla fərdi söhbətlər aparılıb. Meydana çıxacaq bütün oyunçular tam gücünü ortaya qoymalıdırlar”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

