Rusiya və Ukrayna arasında danışıqlar daha konstruktiv istiqamətdə irəliləyir – Hakan Fidan

Baş səhifə

Bakı.Trend:

Türkiyə hesab edir ki, Rusiya və Ukrayna arasında aparılan
birbaşa danışıqlar daha konstruktiv və nəticəyə yönəlmiş
istiqamətdə irəliləyir.

Trend xəbər verir
ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan
bildirib.

“Ümumilikdə, məmnuniyyətlə qeyd edirik ki, danışıqlar daha
konstruktiv və nəticəyə yönəlmiş istiqamətdə davam edir”, – deyə o,
çərşənbə günü İstanbulda keçirilmiş Ukrayna üzrə üçüncü birbaşa
danışıqlar raundunun yekunlarını şərh edərkən bildirib.




“Türkiyənin İstanbulda təşkil etdiyi Rusiya-Ukrayna
danışıqlarında tərəflərin həll yolunda ümumi iradə konstruksiyasına
daha bir kərpic əlavə olundu. Müharibənin ilk günündən etibarən
nizamlanmaya nail olmağa çalışan ölkəmiz Rusiya və Ukrayna arasında
davamlı sülhün bərqərar olunması üçün səylərini davam etdirəcək”, –
deyə Fidan vurğulayıb.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya
Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna
tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm
Umerov başçılıq edib. Tərəflər hərbi əsirlərin yeni mübadiləsi və
humanitar məsələlər üzrə, o cümlədən, işçi qrupların tərkibində
fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.