
Bakı. Trend:
Sabit tarif xərc əsaslı tarif elementlərindən biridir.
İstehlakçılar üçün əlavə maliyyə yükü deyil, mövcud istehlak
tarifinin sabit xərclərlə bağlı hissəsidir. Yəni, sabit tarifin
tətbiqi nəticəsində tarifdən yığılan ümumi pul həcminin artımı baş
vermir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Enerji Məsələlərini
Tənzimləmə Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, yaşamadıqları evdə elektrik enerjisi
sistemi qurulan vətəndaşlar cüzi də olsa, ödəniş etməli
olacaqlar:
“Çünki hazırda bu tipli evlərlə bağlı faktiki sabit xərclər
istehlak tarifi vasitəsilə digər vətəndaşlar tərəfindən ödənilir
ki, bu da qiymətqoyma baxımından ədalətli yanaşma deyil”.
Məlumatda vurğulanıb ki, elektrik enerjisini normativ səviyyədə
istehlak edən vətəndaş tərəfindən əlavə ödəmə nəzərdə tutulmur:
“Belə ki, sabit tarif məbləğ olaraq hazırda da istehlakçılar
tərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir. Bu
baxımdan, sabit tarifin tətbiqinə tarif artımı olaraq deyil, mövcud
istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun bir şəkildə
strukturlaşdırılması kimi baxılması daha doğru olar”.
Qurumdan sabit tarifin tətbiqində əhali və təsərrüfat obyekti
arasında fərqlərin necə tənzimlənəcəyi məsələsi ilə bağlı deyilib
ki, bu məsələ dövlətin tarif siyasətinə uyğun olaraq bu sahədə
səlahiyyətli olan müvafiq dövlət qurumu tərəfindən
tənzimlənəcək.
Əlavə edilib ki, sabit tarif bir qayda olaraq aylıq sabit ödəniş
kimi tətbiq olunur:
“Beynəlxalq təcrübədə olduğu kimi, sabit tarifin tarif
dövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabit
ödəniş formasında tətbiqi nəzərdə tutulur. Ötən tarif dövrü üçün
apardığımız indikativ hesablamalara əsasən, sabit tarif ödənişinin
aylıq 1 manatdan (illik 12 manatdan) artıq olacağı
gözlənilmir”.
Bundan əlavə, qeyd edilib ki, Azərbaycan Prezidentinin 2023-cü
il 19 may tarixli 2143 nömrəli fərmanına əsasən, 2028-ci il 1 iyul
tarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsini
Tarif (qiymət) Şurası həyata keçirir.