“Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclası keçirildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi
inkişaf Strategiyasının hazırlanması məqsədilə görülən işlər
çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk
iclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Alt İşçi Qrupunun
rəhbəri, energetika naziri Pərviz Şahbazov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
enerji sahəsində həyata keçirilən islahatlardan və yaşıl enerji
gündəliyinin prioritet istiqamətlərindən danışıb.

Yeni strategiyanın Alt İşçi Qrupuna həvalə edilmiş hissəsinin
hazırlanmasında həm 2022–2026-cı illəri əhatə edən iqtisadi inkişaf
Strategiyasının icrası zamanı əldə edilmiş təcrübənin, həm də
qlobal trendlərin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.




İclasda icrası davam edən strategiya çərçivəsində yaşıl enerji
məqsədi üzrə görülmüş işlər və əldə olunan nəticələr təqdim olunub,
2027–2030-cu illəri əhatə edəcək yeni dövr üzrə fəaliyyət
istiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmləri
müzakirə edilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi Qrupu Nazirlər
Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən,
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”ə uyğun olaraq yaradılıb.