
Bakı. Trend:
24 iyul 2025-ci il tarixində Daşkənddə SOCAR-ın prezidenti
Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek
Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə
Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.
Trend SOCAR-a
istinadən xəbər verir ki, görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar
Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə
olunub. Bu xüsusda, “Üstyurt” investisiya bloklarının (Boyterak,
Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı,
işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişin imzalanmasının
əhəmiyyəti qeyd edilib. Şirkətlər arasında əməkdaşlığın
perspektivləri müzakirə olunub.
Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan
Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt”
investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy,
Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay
Bölgüsü Sazişi imzalanıb.
Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin
olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə
tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət
göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı
bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində
yekunlaşdırılması planlaşdırılır.
Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün
yeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.