Tailandla münaqişə səbəbindən Kamboca sərhədyanı ərazilərdən 5 min nəfəri təxliyə edib – YENİLƏNİB-5

Baş səhifə

Kamboca hakimiyyəti cümə axşamı gecə baş verən döyüş toqquşmaları ilə əlaqədar Tailandla sərhəddə yerləşən Oddarmeantyey əyalətindən təxminən 5 min nəfəri təxliyə edib.

“Report”un məlumatına görə, bu barədə “The Straits Times” xəbər verir.

“Biz yerləşdirmə üçün münasib infrastruktur hazırlamışıq və təxliyə olunanları əvvəlcədən seçilmiş kənd və icmalar arasında bölüşdürmüşük. Orada 24 saat qalmaq üçün çadırlar, elektrik, təmiz su, duş və tibb komandaları var”, – nəşr Kamboca hökumətinin nümayəndəsinin sözlərini gətirir.

Təxliyə Tailandla sərhəd boyunca yerləşən 12 kənddən 1,5 min ailəni əhatə edib.

Öz növbəsində, Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai bildirib ki, hakimiyyət Kamboca ilə həmsərhəd olan Buriram, Surin, Sisaket və Ubonratchathani əyalətlərinin sakinlərinə sərhəddən ən azı 50 km uzaqlaşmağı tapşırıb.

Kamboca və Tailand arasında münasibətlər mayda hər iki ölkənin özününkü hesab etdiyi ərazidə baş verən toqquşmalarda kambocalı əsgərin ölümündən sonra gərginləşib. Cümə axşamı atəş mübadiləsi Tailand ordusunun beş əsgərinin xəsarət aldığı Kamboca minasının partlaması ilə əlaqədar başlayıb.

Kamboca tərəfindən edilən zərbələr nəticəsində Tailandda 11 mülki şəxs həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Həmçinin, bildirilib ki, 1 hərbçi həlak olub.

Tailandın Kambocadakı səfirliyi münaqişənin kəskinləşməsi fonunda vətəndaşları ölkəni tərk etməyə çağırıb.

“Report”un məlumatına görə, bu barədə “Khmer Times” qəzeti Kamboca Müdafiə Nazirliyinə istinadən yazır.

“The Nation nəşri” Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmanın baş verdiyini bildirir.

Tailandın Surin əyalətinin iki sakini Kamboca qoşunlarının hücumu nəticəsində həlak olub.

Bir gün əvvəl Tailand sərhədin mübahisəli sahələrində piyada əleyhinə minalarla bağlı insidentlərə görə öz səfirini Pnompendən geri çağırıb, Kamboca səfirini isə ölkədən çıxarıb.

Tailandın Hərbi Hava Qüvvələrinin qırıcıları sərhəd münaqişəsinin eskalasiyası zamanı Kambocanın hərbi mövqelərinə bomba zərbəsi endiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, saat 11:30-da Tailand Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Preahvihear əyalətində mübahisəli sərhəd zonası boyunca Kamboca hərbi mövqelərinə zərbə endirib.

Toqquşmalar səhər saat 07:30 radələrində Oddar-Miençey əyalətində mübahisəli sərhəd zonasının yaxınlığında başlayıb. Tərəflər sərhəd boyunca öz mövqelərini möhkəmləndirdikləri üçün vəziyyət gərgin olaraq qalır.

Kamboca ilə həmsərhəd olan Tailandın dörd əyalətinin hakimiyyət orqanları gərginliyin artması fonunda sakinlərin təxliyəsini elan edib.

“Report” xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.

Tailand Kamboca ilə sərhəddə toqquşmalar fonunda bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi Tailandın kontr-admiralı Surasant Kongsiriyə istinadən yazıb.

Onun sözlərinə görə, 24 iyul səhər saatlarında Kamboca Tailand istiqamətində pilotsuz uçuş aparatları buraxıb və Tailand döyüşçülərinə qumbaralar ilə hücum edib, bu səbəbdən ölkənin Silahlı Qüvvələri cavab atəşi açmağa məcbur olub.